Bakı. Trend:
Azərbaycana dağınıq skleroz xəstəliyinin müalicəsi üçün yeni dərman vasitələri gətiriləcək.
Trend-in əldə etdiyi məlumata görə, alınacaq dərman vasitələri dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində həyata keçiriləcək.
Belə ki, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 6,8 milyon manat ödənilib.
Qeyd edək ki, dərman vasitələrini təhvil verəcək şirkət - “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 min manat olan MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.