...

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

İqtisadiyyat Materials 11 Mart 2025 13:30 (UTC +04:00)
Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb.

Trend bu barədə Muxtar Respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat əldə edib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na əsasən ölkəmizdə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması sahəsində zəruri tədbirlər görülməkdədir.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadənin asanlaşdırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və qurumlarda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq Nazirliyin mütəxəssisləri və aidiyyəti dövlət orqanları ilə birgə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla monitorinqlər aparılıb.

Qurumların informasiya ehtiyatının rəqəmsallaşdırılması və texnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıb və nəticədə Nazirliyin hostinq sistemində yerləşən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərinə uyğun olmayan və SSL (təhlükəsizlik) sertifikatı mövcud olmayan 70-dən artıq veb-saytın fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara məlumatlar göndərilib. Həmçinin, Nazirlik tərəfindən muxtar respublikada informasiya təhlükəsizliyi tələblərinə cavab verməyən dövlət orqanlarının rəsmi internet səhifələrinə girişlər mərhələli şəkildə məhdudlaşdırılıb.

Bunlarla yanaşı, 40-dan artıq qurumun rəsmi internet səhifəsi isə tələblərə uyğunlaşdırılaraq “AzStateNet” hostinq zonasında yerləşdirilib, eləcə də, qurumların domen ünvanları da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə təmin edilir.

Qeyd edək ki, monitorinqlər “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən dövlət orqanları internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarının Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin xüsusi qorunan Data Mərkəzində yerləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərə uyğun aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti