Milan. Trend:
Orta Dəhliz Mərkəzi Asiyanın zəngin resurslarından səmərəli istifadə üçün imkanlar açır.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin direktoru Ləzizə Sabırova AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən “Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərinin potensialının açılması” forumunda çıxışı zamanı bildirib.
“CAREC proqramı çərçivəsində bizdə altı dəhliz var və Orta Dəhliz əhəmiyyətli dərəcədə CAREC Corridor 2 kriteriyalarına uyğun gəlir. Onun əhəmiyyəti, sözsüz ki, artıb – o Şərqlə Qərb arasında alternativ marşrutdur və artıq bu istiqamətdə böyük işlər görülüb, çoxsaylı tədqiqatlar aparılıb”, – deyə o qeyd edib.
Sabırovanın sözlərinə görə, bu gün enerji ilə bağlı olmayan xarici ticarət axınlarının yalnız 10 faizi sözügedən dəhlizdən keçir.
“Aydın məsələdir ki, bu onun həqiqi potensialından əhəmiyyətli dərəcədə azdır. Orta Dəhliz Mərkəzi Asiyanın zəngin təbii resurslarından istifadə və Regionun həm regional həm də qlobal əlaqə zəncirinə daha yaxşı inteqrasiyası üçün (yeni) imkanlar açır”, -deyə o əlavə edib.