Əlcəzair. Trend:
2025-ci ildə Əlcəzairdə keçirilən İslam İnkişaf Bankı Qrupunun (İİB) İllik Toplantıları çərçivəsində şəriət normaları əsasında fəaliyyət göstərən və İİB-nın tərkibinə daxil olan İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) ilə “Credendo” sığorta hovuzu arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.
Memorandum, risklərin bölgüsü üzrə yeni sxemlərin hazırlanması hesabına kredit risklərinin sığortalanması və təkrar sığortalanması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müəyyən edir. Bu isə ICIEC-ə üzv dövlətlərdə fəaliyyət göstərən transmilli korporasiyalar üçün daha iri ticarət əməliyyatlarının həyata keçirilməsinə imkan yaradacaq.
Sənəd həmçinin, birgə underraytinq potensialının gücləndirilməsini, risklərin birgə bölüşdürülməsi modellərinin tətbiqini və məxfilik qaydalarına riayət edilməklə, hüquqi məcburiyyət yaratmadan birgə işçi qrupunun yaradılması vasitəsilə əlaqələndirmənin rəsmiləşdirilməsini nəzərdə tutur.