Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,823 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 515,3 milyon ABŞ dolları və ya 39,4% çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,78%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya 322,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 0,8% azdır.
Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında Rusiyadan Azərbaycana 1,5 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 517,9 milyon ABŞ dolları və ya 52,7% artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Rusiyaya 321,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 1,2% çoxdur.
Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 30,07% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına çevrilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.
Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.