...

“Kartdan karta ata bilərsiniz?!” – Gündəlik reallıq və qanun pozuntusu

İqtisadiyyat Materials 10 İyun 2025 13:58 (UTC +04:00)
“Kartdan karta ata bilərsiniz?!” – Gündəlik reallıq və qanun pozuntusu
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

"Kartdan karta ata bilərsiniz?!". Bu bir çoxumuzun qarşılaşdığı gündəlik cümlələrdən biridir. Bir çox mağazalar və sahibkarlar ödənişin kartla olacağını öyrəndikdə məhz bu yola əl atır.

Trend xəbər verir ki, bu kimi halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən mütəmadi tədbirlər görülür.

Dövlət vergi Xidmətindən bildirilib ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Trend-ə danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, dövriyyələrin şəffaflaşdırılması ilə bağlı müvafiq qurumlar tərəfindən nə qədər addımlar atılsa da, bu sahədə ciddi problemlər hələ də qalır:

“Bunlardan biri də ödənişlərin şəffaflaşdırılması istiqamətində atılan addımlardır. Bu addımlar paytaxtda böyük ölçüdə öz effektini verib. Bölgələrimizdə hələ də ciddi problemlər qalır. Məsələn, mən özüm dünən regionlarımızdakı kifayət qədər dövriyyəsi olan alış-veriş mərkəzlərindən birində kartla ödəniş etmək istədim, ancaq post-terminal təqdim etmədilər. Hətta “Cərimə olunmaqdan qorxmursunuzmu?!” deyə sual verdim. Gülümsəyərək, qorxmadıqlarını bildirdilər”.

“Bu isə onu deməyə əsas verir ki, belə hallar regionlarımızda müvafiq sahələrə baxan şəxslərin məsuliyyətsizliyi, yaxud hansısa formada bu məsələlərə göz yumması nəticəsində baş verir. Bu, regional ərazilər üzrə olan müvafiq bölmə rəhbərlərinin bu sahədəki fəaliyyətində bəzi çatışmazlıqlar olduğunu göstərir. Amma etiraf etmək lazımdır ki, əvvəlki dövrlə müqayisədə, ildən-ilə neqativ halların sayı azalır. Ümid edək ki, bölgələrdə daha ciddi monitorinqlər aparılaraq, neqativ halların daha çox halların yaşandığı bölgələr müəyyən olunaraq, problemlərin aradan qaldırılması təmin olunacaq”, - ekspert bildirib.

İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə bildirib ki, belə hallar baş verir, həmçinin, belə hallarla ciddi mübarizə aparılır:

“İqtisadiyyat Nazirliyi tərəfindən bu sahədə tədbirlər görülür. Satış zamanı məhsulun kassaya vurulmaması ilə bağlı böyük cərimələr tətbiq olunur. Burada hətta 6 min manatadək cərimə mövcuddur. Lakin bu hallar yenə də baş verir. Düzdür, bu kimi halların qarşısını almaq üçün sahibkarların itkisinin də qarşısı alınsa, yaxşı olar. Nağdsız ödənişlərin nağdlaşdırılması zamanı fərqli faizlər qoyulur. Bəzən sahibkarlar bu halda 3-4%-ə qədər vəsait itirir”.

E.Kərimli qeyd edib ki,digər tərəfdən nağdsız ödənişlərlə vergidən yayınmaq mümkün olmadığı üçün sahibkarlar bu yola əl atır:

“Bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Daha ciddi sanksiyalar tətbiq edilsə, daha məqsədəuyğun olar. Sahibkarlarla maarifləndirmə işi aparılmalı, qeyd etdiyim nağdsız ödənişlərin nağdlaşdırılması zamanı faizlərin aşağı salınması daha məqsədəmüvafiq olar. Sözsüz ki, nağdsız ödənişlərin dövriyyəsini artırmaq üçün sahibkarlar üçün stimullaşdırıcı tədbirlər görülə bilər ki, bu da öz bəhrəsini verə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti