Bakı. Trend:
İsrailin İrana endirdiyi zərbələrdən sonra İran körfəzində vəziyyətin gərginləşməsi fonunda Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, dünya neft bazarları hələ də yaxşı təmin olunub, lakin təchizatda mümkün pozuntular baş verərsə, lazımı ölçülər qəbul etməyə hazırdır.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq BEA-dan bildirilib ki, Agentlik vəziyyətin inkişafını diqqətlə izləyir.
"Hazırda neft bazarında sabit təminat mövcuddur, lakin lazım gəldiyi təqdirdə BEA operativ şəkildə müdaxilə etməyə hazırdır", - deyə qurumdan qeyd edilib.
Xatırladaq ki, agentliyin icraçı direktoru Fatih Birol daha əvvəl münaqişənin qlobal enerji axınlarına təsiri ilə bağlı narahatlığını ifadə etmişdi. “BEA-nın neft təhlükəsizliyi sistemi 1,2 milyard barrel fövqəladə ehtiyatla təchiz olunub və qlobal iqtisadiyyatı qorumaq qabiliyyətini sübut edib,” – deyə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Bu arada İranda qlobal neft və qaz təchizatında strateji önəm daşıyan Hörmüz boğazının bağlanmasının mümkünlüyü bəyan ediblər. Bu məsələ ilə bağlı yekun qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək. BEA-nın qiymətləndirməsinə görə, boğazın hətta qısamüddətli bağlanması belə dünya enerji bazarları üçün ciddi fəsadlara yol aça bilər.
Hörmüz boğazı ilə dünya üzrə neft tədarükünün təxminən 25 faizi həyata keçirilir və bu marşrut İran körfəzi ölkələrinin enerji ixracı üçün həlledici rol oynayır. Bundan əlavə, OPEK+ ölkələrinin demək olar ki, bütün azad istehsal gücü də bu marşrutdan asılıdır. Tədarükdə yaranan hər hansı pozuntu qlobal miqyasda sabitliyin əhəmiyyətli dərəcədə pozulması nəticələnə bilər.
İran gündəlik təxminən 4,8 milyon barrel neft hasil edir, bunun təxminən 2,6 milyon barreli ixrac olunur. Xam neft və kondensatın ixrac həcmi, o cümlədən gündə təxminən 1,7 milyon barrel təşkil edir –ABŞ-ın davam edən sanksiyalarına baxmayaraq bunun çox hissəsi Çinə tədarük olunur. Bundan əlavə, ölkə gündəlik 800 min barrelə qədər emal olunmuş neft məhsulları – mazut, mayeləşdirilmiş qaz və nafta daxil olmaqla – ixrac edir.
İsrailin dünyanın ən iri qaz yataqlarından biri olan “Cənubi Pars”a endirdiyi zərbələr İranı qaz hasilatının bir hissəsini müvəqqəti dayandırmağa məcbur edib. Yatağın gündəlik hasilat gücü təxminən 2 milyard kubmetr qaz və 75 min barrel kondensat təşkil edir. Eyni zamanda, İsrail də təhlükəsizlik səbəblərini əsas gətirərək öz qaz hasilatının 60 faizindən çoxunu, o cümlədən “Leviafan” yatağındakı fəaliyyəti müvəqqəti olaraq dayandırıb.