Bakı. Trend:
Macarıstanın iqtisadi diplomatiyası və ixrac strategiyası ilə bağlı nəticələri təqdim olunub.
Trend xəbər verir ki, bu barədə Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Katibinin müavini və Macarıstan İxracın Təşviqi Agentliyinin (HEPA) baş icraçı direktoru Katalin Bihari Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, Macarıstan çox böyük ölçüdə ticarət və
investisiyaya əsaslanan bir ölkədir: "İqtisadiyyatımızın uğuru,
ticarət və investisiya strategiyamızın nə qədər uğurlu olmasından
asılıdır. Buna görə də iqtisadi diplomatiya həm xarici ticarət, həm
də xarici siyasətimizin mərkəzində dayanır.
İqtisadiyyatımızın nə qədər açıq olduğunu göstərmək üçün bir neçə
rəqəm gətirmək istərdim. İxrac baxımından Macarıstan dünya üzrə
34-cü yerdədir, halbuki əhalinin sayı üzrə 96-cı yerdəyik. Buradan
iqtisadiyyatımızın nə qədər açıq olduğunu görmək olar. ÜDM-ə
nisbətdə ixrac göstəricisi son bir neçə ildə davamlı olaraq 80-85%
arasında olub. Bu da ticarət və investisiyaya nə qədər əhəmiyyət
verməli olduğumuzu göstərir".
K. Bihari qeyd edib ki, ticarət sahəsində bizdə ixtisaslaşmış ticarət və ixrac strategiyası mövcuddur ki, bu, həm coğrafi, həm də sektor baxımından diversifikasiya baxımından çox vacibdir:
"Strateji məqsədlərimizdən biri də kiçik və orta sahibkarlığın (KOS) ixracdakı payını artırmaqdır. İnvestisiyalar baxımından isə Macarıstanın çox uğurlu bir ölkə olduğunu fəxrlə qeyd edə bilərəm. Bu uğur, aşağı vergi siyasəti və yaxşı düşünülmüş strategiya sayəsində mümkün olub: korporativ vergi yalnız 9%, fərdi gəlir vergisi 15% sabit.
Bundan əlavə, Macarıstana investisiya qoymaq istəyən potensial
investorlar üçün müxtəlif stimullar təqdim olunur.
Ticarət siyasəti ilə bağlı olaraq, bizim fikrimizcə, siyasi
səbəblərlə tətbiq olunan ticarət məhdudiyyətləri düzgün yol deyil.
Biz əlaqəliliyi əsas götürməli və “riskdən qorunma” və “ayrılma”
siyasətinə qarşı olmalıyıq. Bu, beynəlxalq siyasətimizin və ümumi
ticarət strategiyamızın əsasını təşkil edir".
"Bu məqsədlərə nail olmaq və hədəfləri həyata keçirmək üçün qeyd etmək lazımdır ki, xarici ticarət və investisiya siyasəti Xarici İşlər Nazirliyi tərəfindən nəzarət olunur. Macarıstanda bu nazirlik həm Xarici İşlər, həm də Ticarət Nazirliyi funksiyalarını yerinə yetirir. Buna görə də diplomatiya və iqtisadi diplomatiya inteqrasiya olunmuş şəkildə həyata keçirilir və biz buna beynəlxalq investisiya və ticarət strategiyasını effektiv aparmağın ən yaxşı yolu kimi baxırıq. Nəticə olaraq, dəvət üçün bir daha təşəkkür edirəm və ümid edirəm ki, bugünkü dialoqlar və müzakirələr sayəsində ticarət və investisiya əlaqələrimizi daha da genişləndirə biləcəyik. Gələn il yenidən gəlməyi səbirsizliklə gözləyirəm. Çox sağ olun", - Katalin Bihari əlavə edib.