Bakı. Trend:
Azərbaycan təkcə Avropa üçün yox, daha geniş region üçün əsas enerji tədarükçüsü mövqeyini möhkəmləndirir.
Trend xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGY Avrasiya forumunun açılışında etdiyi çıxışda deyib.
“Azərbaycan bu gün təkcə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında deyil, həm də daha geniş regionda həlledici rol oynayır”, - deyə R.Nəcəf bildirib və ölkənin enerji tədarükünün sabitliyinə artan töhfəsini vurğulayıb.
O, yeni regional layihələrin həyata keçirilməsində əməkdaşlığa görə Türkiyəyə xüsusi təşəkkürünü ifadə edib:
“Türkiyə ilə birlikdə biz kəskin şəkildə enerji ehtiyacı olan Suriyaya qaz tədarükünə başlaya bildik. Bu gün ölkə inkişaf edir, bərpa olunur, mürəkkəb keçid dövrünü yaşayır və enerji təchizatında yardım onun üçün xüsusi əhəmiyyət daşıyır”.
SOCAR prezidentinin sözlərinə görə, bu əməkdaşlığa Qətər tərəfdaşları da qoşulub:
“Türkiyə və Qətərdən olan tərəfdaşlarımızla birlikdə bu ilin avqustunda Suriyaya qaz ixracına başladıq. Yarım il əvvəl isə bu, planlarımızda yox idi. Amma biz bütün regionun enerji təhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağa hazırıq”.
Perspektivlərdən söz açan Rövşən Nəcəf vurğulayıb ki, Azərbaycanın bütün zəruri resursları olsa da, aydın öhdəliklər lazımdır:
“Bizim kifayət qədər resurslarımız var və lazım olan yeganə şey alıcılarla uzunmüddətli müqavilələr, həmçinin birgə maliyyələşdirmədir. Çünki bizim reallaşdırmaq və sərmayə yatırmaq niyyətində olduğumuz digər layihələr də mövcuddur”.
SOCAR rəhbəri həmçinin şirkətin transformasiyası barədə məlumat verib:
“SOCAR bu gün inkişaf edir və tamdəyərli enerji şirkətinə çevrilir. Biz fəaliyyətə neft şirkəti kimi başlamışdıq, daha sonra qaz şirkəti olduq, indi isə artıq neft-qaz və enerji şirkətiyik”.