Bakı.Trend:
Biznesin İnkişaf Fondu İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik-hüquqi şəxsdir. Əsas məqsədi sahibkarları güzəştli maliyyə mexanizmlərini güzəştli şərtlərlə dəstəkləməkdir. Hazırda Biznesin İnkişaf Fondu sahibkarlara güzəştli kredit mexanizmləri üzrə iki dəstək proqramı ilə dəstək olurlar.
Trend xəbər verir ki, bu fikirləri “Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiya” mövzusunda ITMF seminarında çıxışı zamanı Azərbaycan Biznesin İnkişaf Fondunun rəsmisi Rüstəm Əliyev deyib.
Fond rəsmisi bildirib ki, birinci dəstək mexanizmi fondun ənənəvi dəstək mexanizmi olan güzəştli kreditlərdir:
“Güzəştli kreditlər illik 5% dərəcəsi ilə sahibkarlara təqdim olunur. Müddəti 10 ilədək və məbləği isə 10 milyonadək olur. Mexanizm çərçivəsində güzəşt müddətinin tətbiqi də nəzərdə tutulur. Güzəşt müddətində sahibkar yalnız məbləğin faiz dərəcəsini ödəyir. Güzəşt müddətinin kredit müddətinin yarısı qədər tətbiq oluna bilər. Sahibkara imkan yaradılır ki, nağd pul axını müəssisəyə daxil olanadək maliyyə çətinliyi ilə qarşılaşmasın”.
R.Əliyev işğaldan azad edilən bölgələrdə fəaliyyət göstərən sahibkarlara fond tərəfindən edilən dəstək mexanizmindən də danışıb:
"Fondun digər bir mexanizmi isə zəmanət mexanizmidir ki, yalnız işğaldan azad edilən ərazilərdəki subyetləri əhatə edir. Bu mexanizm 2024-cü il fevralın 1-dən sahibkarların istifadəsinə verilib.
Mexanizmin mahiyyəti ondan ibarətdir ki, sahibkarlıq subyektlərinin əldə etdiyi kreditə dövlət tərəfindən zəmanət təqdim olunur və faizlərinin bir hissəsinin subsidiyalaşdırılması nəzərdə tutulur”.
Fond rəsmisi vurğulayıb ki, kredit şərtləri illik 15%-dək, müddəti isə 7 ilədək olmalıdır. Sahibkarlara maksimal olaraq 5 milyon manat təqdim olunur.
“Burada dəstək bundan ibarətdir ki, sahibkar dövlət tərəfindən götürdüyü 15% lik kreditin 10% ni dövlət subsidiyalaşdırır. Bu zaman sahibkara 5% maliyyə öhtəliyi düşür”,-R.Əliyev əlavə edib.