Astana. Trend:
Çin Dəmir Yollarının “China Railway Container Transport” (CRCT) şirkəti vasitəsilə Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının birgə yaratdığı Middle Corridor Multimodal Ltd müəssisəsinə qoşulması haqqında saziş imzalanıb.
Trend Qazaxıstan Dəmir Yollarında (QDY) istinadən xəbər verir ki, imzalanma mərasimi Sian şəhərində “Çin-Avropa” dəmiryolu marşrutu üzrə beynəlxalq əməkdaşlığın II Forumu çərçivəsində baş tutub.
Forumda çıxış edən QDY-nin İdarə Heyətinin sədri Talğat Aldıberqenov qeyd edib ki, marşrutun inkişafına Qazaxıstan və Çin liderləri böyük önəm verirlər.
O əlavə edib ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Çin Xalq Respublikasının Sədri Si Cinpin öz çıxışlarında “Çin-Mərkəzi Asiya-Avropa” marşrutu üzrə əlaqələrin gücləndirilməsini vurğulayıblar. Bu isə ölkələrin ümumi strateji maraqlarına uyğun olmaqla, dayanıqlı ticarət və artım üçün yeni imkanlar açır.
Xatırladaq ki, “Middle Corridor Multimodal Ltd” Orta Dəhliz üzrə tranzit daşımalarının inkişafı və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir.
