Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çexiya arasında ticarət əməliyyatlarının həcmi 763,494 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 191,7 milyon ABŞ dolları və ya 20,1% azdır.
Hesabat dövründə Çexiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,87%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çexiyaya 703,241 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 202,3 milyon ABŞ dolları və ya 22,3% azdır.
Dövr ərzində Çexiyaya ixrac edilmiş məhsulların 701,374 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 1,308 milyon tona bərabər olub. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Çexiyaya neft ixracı dəyər ifadəsində 199,5 milyon dollar və ya 22,1%, həcm baxımından isə 125,9 min ton və yaxud 8,8% azalıb.
Bununla da Çexiya hesabat dövründə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 2-ci pillədə qərarlaşıb.
Hesabat dövründə Çexiyadan Azərbaycana isə 60,252 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon ABŞ dolları və ya 21,3% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.
