...

Beynəlxalq Sığorta Korporasiyası Orta Dəhliz üzrə KİAD layihəsini dəstəkləyib

İqtisadiyyat Materials 12 Dekabr 2025 10:45 (UTC +04:00)
Beynəlxalq Sığorta Korporasiyası Orta Dəhliz üzrə KİAD layihəsini dəstəkləyib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı (IsDB) qrupuna daxil olan və şəriət normaları əsasında fəaliyyət göstərən İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) Türkiyədə yüksək standartlı Qars–Iğdır–Aralıq–Dilucu (KIAD) dəmir yolu layihəsinin həyata keçirilməsini dəstəkləmək məqsədilə suveren maliyyə öhdəliklərinin yerinə yetirilməməsi riskinə qarşı sığorta proqramı çərçivəsində 135 milyon avro həcmində sığorta təminatını təsdiqləyib.

Trend bu barədə İslam İnkişaf Bankına istinadən xəbər verir.

Bildirilib ki, Yaponiyanın ən böyük maliyyə qruplarından biri olan “Mitsubishi UFJ Financial Group”un (MUFG) Avropa bölməsi – "MUFG Securities EMEA plc" bütün transaksiyanın təşkilatçısı qismində çıxış edib və layihə üçün ICIEC tərəfindən təminat altına alınan “murabaha” müqaviləsi strukturu hazırlanıb.

“KIAD dəmir yolu Türkiyənin 12-ci İnkişaf Planı (2024–2028) çərçivəsində flaqman infrastruktur layihələrindən biridir. Xəttin uzunluğu 223,9 kilometr təşkil edir və Qars şəhərindən Türkiyə–Azərbaycan sərhədindəki Dilucu sərhəd-keçid məntəqəsinə qədər uzanır. Bu yol Qars–Tbilisi–Bakı dəmir yolu dəhlizinə birbaşa çıxış təmin edir. Marşrut Qars və Iğdır vilayətlərinin əsas bölgələrinə xidmət göstərən beş stansiyanı əhatə edir və İpək Yolunun İqtisadi Kəmərinin mühüm seqmentinə çevrilərək, Asiya ilə Avropa arasında yükdaşımalar üçün rəqabətli marşrut olan Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq.

Layihənin avtomobil daşımalarından yüklərin elektrikləşdirilmiş dəmir yoluna yönləndirilməsi hesabına ciddi iqtisadi və ekoloji təsir göstərəcəyi gözlənilir. Proqnozlara görə, 2030-cu ilə kimi bu, logistika xərclərinin təxminən 40 faiz azalmasına, təchizat zəncirlərinin səmərəliliyinin yüksəlməsinə və regional sahələrin inkişafına dəstək olacaq. Tikinti mərhələsində maksimum yüklənmə dövründə təqribən 3 000 işçi çalışacaq ki, bu da əlavə iqtisadi aktivliyi stimullaşdıracaq. Tam elektrikləşdirilmiş iki xətli dəmir yolu Türkiyənin iqlim hədəflərinə mühüm töhfə verəcək, hər il 498 276 ton CO₂ emissiyasının azaldılmasını təmin edəcək və 95 faiz enerji səmərəliliyinə nail olacaq ki, bu da KIAD-ı regionun ən ekoloji nəqliyyat layihələrindən birinə çevirir”, – məlumatda qeyd olunur.

İslam İnkişaf Bankının açıqlamasına əsasən, ICIEC-in baş direktoru doktor Xalid Xalafalla bildirib ki, bu strateji investisiya korporasiyanın Türkiyədə və digər üzv ölkələrdə dayanıqlı və yüksək səmərəli infrastrukturun dəstəklənməsinə dəyişməz sadiqliyini əks etdirir.

“KIAD dəmir yolu regional əlaqəliliyi gücləndirir, daha təmiz və səmərəli nəqliyyat həllərini təşviq edir, həmçinin Asiya və Avropa arasında ticarət inteqrasiyasına xidmət göstərir. Bizim iştirakımız maliyyələşdirən tərəflərin inamını artırır və bu transformativ layihənin icrasını sürətləndirməyə kömək edir”, – o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti