Bakı. Trend:
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2028-ci ilədək Azərbaycanda cari əməliyyatlar hesabının profisitinin tədricən azalacağını və ümumi xarici borcun ÜDM-dəki payının daha da kiçiləcəyini proqnozlaşdırır.
Trend bu barədə “Fitch"ə istinadən məlumat verir.
Agentliyin proqnozlarına görə, ölkədə cari hesab profisiti 2025-ci ildə ÜDM-in 4,5%-ni təşkil edəcək, 2026-cı ildə 3,6%-ə, 2027-ci ildə isə 3,4%-ə enəcək.
"Fitch" həmçinin Azərbaycanın ümumi xarici borcunun da azalmaqda davam edəcəyini - 2025-ci ildə ÜDM-in 21,1%-indən 2026-cı ildə 19,4%-ə, 2027-ci ildə isə 18,4%-ə enəcəyini gözləyir.
“2025-ci ilin 11 ayında real ÜDM illik ifadədə 1,6% artıb, bununla yanaşı neft sektorunda 1,8% azalma, qeyri-neft iqtisadiyyatında isə 3,2% artım müşahidə olunub. 2025-ci ilin 9 ayında neft hasilatı 20,7 milyon ton təşkil edib (orta hesabla günə təxminən 570 min barrel). “Fitch” 2027-ci ilədək neft hasilatının günə 565 min barrelə enəcəyi gözləyir. 2025-ci ilin 9 ayında təbii qaz hasilatı 38,2 milyard kubmetrə çatıb, ən yüksək hasilatın isə 2025-ci ilə təsadüf edəcəyi gözlənilir",- deyə agentliyin hesabatında bildirilir.
Qeyd edək ki, “Fitch” Azərbaycan üzrə ÜDM artımı proqnozunu 2025-ci il üçün 3,5%-dən 1,8%-ə endirib, 2026–2027-ci illər üçün isə artımın 2,4% səviyyəsində olacağı proqnozlaşdırılır.
