Bakı.Trend:
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ci il ərzində 9,085,935 ton yük daşınıb.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, bu da 2024-cü illə müqayisədə 5,38 faiz artım deməkdir.
Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.
Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4,216,243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4,310,046 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.
Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76,757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77,071 ədəd vaqon, TIR və avtotexnika daşınıb.
Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22,030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.
