...

Bakı Limanı region üzrə logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - MÜSAHİBƏ (FOTO)

İqtisadiyyat Materials 19 Yanvar 2026 13:20 (UTC +04:00)
Bakı Limanı region üzrə logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - MÜSAHİBƏ (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Beynəlxalq Dəniz Limanı bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə regionun qlobal ticarət zəncirinə inteqrasiyasını təmin edən əsas qovşaqlardan birinə çevrilib. Liman infrastruktur imkanları sayəsində Avropa və Asiya arasında yük axınlarının optimallaşdırılmasına xidmət edir, dəmir yolları ilə birlikdə Orta Dəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayağı rolunu oynayır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi olan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov limanın inkişafı üzrə görülən işlər və planlar barədə Trend-ə müsahibə verib.

- Eldar müəllim, Bakı Beynəlxalq Dəniz Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə inteqrasiyası prosesindən sonra hansı əsas optimallaşdırma tədbirləri həyata keçirilib? Bu dəyişikliklər limanın əməliyyat səmərəliliyinə və xidmət keyfiyyətinə necə təsir göstərib?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanına əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə Bakı Limanı “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibinə verilib. Bakı Beynəlxalq Dəniz Limanı inteqrasiya zamanı logistika və nəqliyyat sahəsində strateji optimallaşdırma prosesini dərindən həyata keçirir. İlk növbədə, liman–dəmir yolu əməliyyatları vahid idarəetmə modeli çərçivəsində birləşdirilərək sənədləşmə, gömrük, yükboşaltma-yükləmə və dəmir yoluna ötürmə mərhələləri arasında daha sıx koordinasiya yaradılır.

Ötən qısa müddət ərzində liman ərazisində istifadəyə verilən Vahid Keçid Mərkəzi bu inteqrasiyanın mühüm praktiki nəticəsidir: burada Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt” və ekspeditor şirkətləri bir məkanda fəaliyyət göstərməyə başlayıb. Beləliklə, yüklərin sənədləşməsi və nəqliyyat vasitələrinin keçid prosedurları sadələşdirilib, vaxt itkiləri və logistik tıxaclar azaldılıb.

Bu strukturlaşdırılmış və vahid sistemləşmə liman–dəmir yolu məkanında əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Göstəricilərə nəzər yetirsək, 2025-ci il ərzində limanda 8,2 milyon ton yük aşırılıb ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 8,1% artım deməkdir və müstəqil Azərbaycan tarixində limanda əldə edilən ən yüksək göstəricidir. Xüsusilə ötən il 107 200 TEU-dan çox konteyner aşırılıb, bu isə 2024-cü illə müqayisədə 40% artımdır.

Beləliklə, bu inteqrasiya sadəcə struktur dəyişikliyi deyil, həm də əməliyyat çevikliyinin yüksəldilməsi, müştəri yönümlü xidmətlərin gücləndirilməsi və tranzit-yük axınlarında strateji üstünlüyün əldə edilməsinə yönəlmiş bir addımdır.

- Qeyd etdiniz ki, 2025-ci ildə Bakı Limanında ilk dəfə olaraq illik konteyner aşırma göstəricisi 100 min TEU-dan çox oldu. Bu həcmdə yükün aşırılması hansı perspektivlər vəd edir?

- İstər beynəlxalq, istərsə də regional logistikada yüklərin konteynerləşməsi həcmində ciddi artım müşahidə olur. Bunun əsas səbəblərindən biri də odur ki, yükün konteynerlə daşınması daha operativ və daha təhlükəsiz hesab edilir. Bildiyiniz kimi, Bakı Limanı hələ 2018-ci ildə istifadəyə veriləndə limanın illik yükaşırma gücü 15 milyon ton və 100 min TEU konteyner idi. Amma ötən ilin əvvəlində limanın ADY-yə birləşməsindən sonra icra edilən operativ layihələrlə limanın illik konteyner aşırma gücü qısa zamanda 150 min TEU ekvivalentinə çatdırıldı. Eyni zamanda, operativ tədbirlərlə qısa müddətdə limana əlavə yükaşırma texnikaları cəlb edilib və müasir logistik həllər tətbiq olunub. Bu addımların və ən əsası, gecə-gündüz sahədə çalışan peşəkar komandamızın səyi nəticəsində 100 min TEU həddi uğurla aşılıb. Bu göstərici sadəcə statistik rəqəm deyil, arxasında böyük zəhmət, komanda işi dayanan mühüm nailiyyətdir. Əldə edilən nəticə yük sahibləri və aparıcı logistika şirkətləri tərəfindən bizə olan etimadı daha da möhkəmləndirib. Çünki tərəfdaşlarımız həyata keçirdiyimiz layihələri və əldə etdiyimiz nəticələri daim yaxından izləyir. İnanıram ki, cari ildə ötən ilin rekord göstəricisini də geridə qoyaraq yüksək nəticələrə nail olacağıq.

- Rəqəmsallaşma və vahid platformaların tətbiqi limanın əməliyyat şəffaflığını və müştəri yönümlülüyünü necə gücləndirir? Bu istiqamətdə hansı texnoloji həllər artıq işə salınıb və növbəti mərhələdə hansı işlər planlaşdırılır?

- Rəqəmsallaşma Bakı Limanının son dövrdə ən prioritet inkişaf istiqamətlərindən biridir və ADY ilə birləşmədən sonra daha sistemli mərhələyə keçib. Bu yanaşma limanın əməliyyat şəffaflığını xeyli artırır, məlumat axınını birləşdirir və müştəri yönümlü xidmət modelinin formalaşmasına imkan yaradır.

Bu sahədə ilk istiqamət kimi Liman İdarəetmə Məlumat Sistemi üzrə yeni nəsil həllin hazırlanmasıdır. 2020–2023-cü illərdə mövcud sistemin istismarı dövründə ortaya çıxan texniki məhdudiyyətlər səbəbindən 2025-ci ildən yeni konsepsiya üzərində işə başlanılıb və hazırda bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilir. Yeni sistem limanın gəmi, yük, vaqon, avtomobil və anbar əməliyyatlarını vahid əməliyyat platformasında birləşdirərək yükaşırma planlaması, növbə idarəetməsi, körpü utilizasiyası və resurs bölgüsünü real vaxtda izləməyə imkan verəcək. Digər sistemlərlə inteqrasiya nəticəsində müştəriləri yükün statusu, sənədlərin gedişatı və əməliyyat mərhələləri barədə onlayn məlumatlandırmaq imkanı formalaşacaq ki, bu da limanın müştəri yönümlü xidmət modelini daha da gücləndirəcək.

İkinci əsas istiqamət limanın bütün biznes proseslərini vahid sistemdə birləşdirərək avtomatlaşdırmağa imkan verən sistemdir. Mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində hazırda satınalma, maliyyə, kommersiya, əməliyyat və nəzarət məntəqələri üzrə gündəlik əməliyyatların rəqəmsal mühitdə icrası təmin edilir. Müxtəlif modullar arasında qurulan inteqrasiya zəncirləri məlumatın təkrar daxil edilməsini minimuma endirir, insan amilindən qaynaqlanan səhvləri azaldır və real vaxt rejimində daha dolğun hesabatlılıq imkanı yaradır.

Üçüncü mühüm istiqamət təhlükəsizlik və müşahidə infrastrukturunun rəqəmsallaşdırılmasıdır. Layihənin birinci mərhələsində liman ərazisində müasir müşahidə və analitika avadanlıqları quraşdırılıb və sistem istismara verilib. Hazırda texniki xidmət müqaviləsinin aktivləşdirilməsi və mövcud analitika sistemlərindəki nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır. Növbəti mərhələdə mərkəzləşdirilmiş idarəetmə zonası yaradılacaq və bütün müşahidə və təhlükəsizlik sistemləri vahid panel üzərindən idarə olunacaq. Bu, həm əməliyyat risklərinin daha tez aşkarlanmasına, həm də liman ərazisində yük və nəqliyyat hərəkətinin daha təhlükəsiz və idarə olunan şəkildə təşkilinə xidmət edəcək.

Ümumilikdə, limanda rəqəmsallaşma və vahid idarəetmə platformalarına keçid əməliyyatların şəffaflığını, nəzarət imkanlarını və proseslərin sürətini artırmaqla yanaşı, müştərilərlə iş üzrə daha proqnozlaşdırılan və çevik xidmət mühiti yaradır. Real vaxtda məlumat mübadiləsi, sənədləşmənin elektronlaşdırılması və idarəetmə proseslərinin mərkəzləşdirilməsi həm limanın əməliyyat yükünü azaldır, həm də xidmət keyfiyyətini yüksəldərək limanın rəqabətqabiliyyətini gücləndirir.

- Bakı Limanı Orta Dəhliz boyunca nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində hansı rolu oynayır? Əlaqələndirmə imkanlarının artırılması və inteqrasiya olunmuş xidmətlərin təşkili üçün hansı praktiki addımlar atılır?

- Bakı Beynəlxalq Dəniz Limanı Orta Dəhlizin əsas strateji qovşağı kimi Şərqlə Qərb arasındakı multimodal daşımaların fasiləsizliyini təmin edən ən mühüm infrastruktur mərkəzidir. Azərbaycanın coğrafi mövqeyi və dövlət səviyyəsində formalaşdırılmış nəqliyyat siyasəti limanı təkcə yükaşırma nöqtəsi deyil, həm də dəhliz üzrə əməliyyatların koordinasiya olunduğu əsas logistik platformaya çevirir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması və tranzit xidmətlərinin sürətləndirilməsi üzrə görüləcək tədbirlərdə Bakı Limanına xüsusi yer ayrılıb. Bu çərçivədə limanda sərhəd keçmə əməliyyatlarının optimallaşdırılması, rəqəmsal mühitin genişləndirilməsi, vahid dispetçer idarəçiliyi və gömrük xidmətlərinin inteqrasiyası üzrə geniş işlər həyata keçirilir.

Liman regionun digər dəniz və logistika mərkəzləri ilə əməkdaşlıq çərçivələrini genişləndirərək yük axınlarının daha çevik şəkildə idarə olunmasına imkan yaradır. Bu qarşılıqlı əlaqələr tranzit marşrutlarının sabitliyini, əməliyyat planlamasının qabaqcadan koordinasiyasını və regional logistika proseslərinin ritmini qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə yanaşma həm limanın dayanıqlı fəaliyyətini təmin edir, həm də tranzit daşımalarının fasiləsiz və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsinə şərait yaradır.

Bakı Limanı Orta Dəhlizin artan tələbatına uyğun olaraq infrastrukturunu da ardıcıl şəkildə genişləndirir. Nazirlər Kabinetinin Sərəncamına əsasən, limanın konteyner yükaşırma qabiliyyətinin 260 min TEU-ya çatdırılması üçün vəsait ayrılıb və görüləcək işlər müəyyənləşdirilib. Bu investisiya çərçivəsində yeni yükaşırma avadanlıqları alınır, körpülərin və konteyner sahələrinin özüllərinin möhkəmləndirilməsi nəzərdə tutulur, çeşidləmə stansiyasının buraxılış qabiliyyətinin artırılması və iri gəmilərin təhlükəsiz qəbulunu təmin edən dibdərinləşdirmə işlərinin görülməsi planlaşdırılır.

Nəticə etibarilə, Bakı Limanı ölkə üzrə Orta Dəhlizin əməliyyat dayanıqlığını, yükgötürmə imkanlarını və logistika əlaqələrinin sürətini müəyyən edən əsas mərkəz kimi çıxış edir.

- Orta Dəhliz üzrə artan beynəlxalq tələbat fonunda Bakı Limanına tranzit yük axınlarını daha çox cəlb etmək üçün hansı strateji tərəfdaşlıqlar və ya investisiya modelləri nəzərdən keçirilir?

- Orta Dəhliz üzrə yük həcmlərinin sürətlə artması Bakı Limanının regional tərəfdaşlarla daha dərin koordinasiya yaratmasını zəruri edir. Hazırda liman həm hökumətlərarası, həm də operatorlar səviyyəsində əməkdaşlıq mexanizmlərini genişləndirməyə yönəlmiş addımlar atır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas ölkələri ilə tarif uyğunlaşdırılması, liman xidmətlərinin optimallaşdırılması və gəmilərin hərəkət ritminin tənzimlənməsi üzrə birgə təşəbbüslər ön plana çıxır. Bu əməkdaşlıq Xəzər dəniz keçidinin daha proqnozlaşdırılan olmasına və yük axınlarının Bakı üzərindən yönəldilməsinə imkan verir.

Bakı Limanı dəhliz üzrə yükdaşımaların dayanıqlığını artırmaq üçün ortaq investisiya modellərini də nəzərdən keçirir. Buraya Xəzər dəniz keçidinin potensial genişləndirilməsi, terminalların birgə istifadəsi, eləcə də region limanları arasında əməliyyat məlumatlarının inteqrasiya olunması kimi istiqamətlər daxildir.

Eyni zamanda, limanın Avropa və Asiya nəqliyyat şəbəkələri ilə əlaqələrinin möhkəmləndirilməsi məqsədilə beynəlxalq maliyyə institutları və özəl investorlarla yeni əməkdaşlıq formatları qiymətləndirilir. Xüsusilə, Bakı Limanının konteyner və Ro-Ro əməliyyatlarında artan tələbi qarşılamaq üçün infrastruktur investisiyaları, rəqəmsallaşma layihələri və əməliyyat gücünün artırılmasına yönəlmiş tərəfdaşlıqlar strateji prioritet hesab edilir.

Ümumilikdə, bu təşəbbüslər Bakı Limanının Orta Dəhlizdə daha yüksək rəqabət mövqeyi qazanmasına, tranzit yüklərin Bakı üzərindən keçidinin daha sərfəli və etibarlı olmasına, həmçinin dəhlizin uzunmüddətli investisiya cəlbediciliyinin artmasına xidmət edir.

- Yükdaşıma həcmlərinin artması limanın fəaliyyətində hansı yeni tələbləri və çətinlikləri önə çıxarır? Bu artımı qarşılamaq üçün infrastrukturun və logistika xidmətlərinin genişləndirilməsi istiqamətində hansı prioritet layihələr həyata keçirilir?

- Orta Dəhliz üzrə yükdaşımaların dinamik artımı Bakı Limanının əməliyyat sistemində yeni tələblər və çağırışlar formalaşdırıb. Artan tranzit həcmləri ilk növbədə daha böyük konteyner axınlarının qarşılanması, körpülərin utilizasiya səviyyəsinin idarə olunması, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması və terminalların buraxılış qabiliyyətinin artırılması kimi məsələləri ön plana çıxarır. Xüsusilə pik dövrlərdə sıxlığın yaranması və mövcud texniki avadanlığın yükaşırma tempinə tam cavab verməməsi kimi problemlər optimallaşdırma tələb edir.

Hazırda Bakı Limanında bir neçə əsas istiqamət üzrə sürətli formada fəaliyyət icra edilir: 1) konteyner aşırma avadanlıqlarının yenilənməsi və artırılması hesabına yükaşırma-sürət göstəriciləri yüksəlir; 2) körpülərin və konteyner sahələrinin özüllərinin möhkəmləndirilməsi layihəsi üzərində iş aparılır ki, bu da yüklərin təhlükəsiz saxlanması və daha iritonnajlı yüklərin qəbuluna imkan yaradacaq; 3) çeşidləmə stansiyasının buraxılış qabiliyyətinin artırılması layihəsi üçün hazırlıq işləri görülür ki, bununla dəmir yolu–avtomobil interfeysinin səmərəliliyi yüksələcək, sıxlıq və gecikmələr azalacaq; 4) dibdərinləşdirmə işlərinin görülməsi nəzərdə tutulur ki, bu da daha çox yüklə gələn gəmilərin təhlükəsiz qəbuluna imkan verəcək və gəmi dövriyyəsinin sürətini artıracaq.

Bununla yanaşı, hazırda limanın inkişaf istiqamətlərindən biri də 2-ci mərhələ üzrə genişmiqyaslı konsepsiyadır. Bu mərhələ yeni terminalların tikintisi, multimodal logistik infrastrukturun genişləndirilməsi və yeni xidmət xətlərinin yaradılmasını özündə ehtiva edir və gələcək illərdə artan yüklər üçün uzunmüddətli dayanıqlı platforma formalaşdıracaq.

Həyata keçirilən infrastruktur və logistika layihələri limanın artan yük axınlarına cavab verməsini, əməliyyat çevikliyinin gücləndirilməsini və Bakı Limanının Orta Dəhliz üzrə aparıcı tranzit qovşağı kimi mövqeyinin möhkəmlənməsini təmin edir.

- Bakı Limanının yaxın illərdə region ölkələrinin limanları ilə əməkdaşlığını gücləndirmək istiqamətində hansı yeni təşəbbüslər gözlənilir? Bu kontekstdə limanın beynəlxalq nəqliyyat dəhlizlərində rəqabətqabiliyyətini artırmaq üçün hansı strateji addımlar planlaşdırılır?

- Yaxın dövrdə əsas təşəbbüslər bir neçə istiqamətdə cəmləşir. İlk olaraq, limanlar arasında əməliyyat standartlarının, xidmət qaydalarının və texnoloji yanaşmaların uyğunlaşdırılması nəzərdə tutulur. Bu, regionda bərabərhüquqlu əməkdaşlığı, yük keçidində çevikliyi və tranzit marşrutlarının vahid ritmlə işləməsini təmin edəcək. İkinci olaraq, yük axınları, gəmi qrafikləri, hava şəraiti və körpü utilizasiyası ilə bağlı məlumat mübadiləsinin elektron əsasda aparılması planlaşdırılır. Bu addım tranzit üçün tələb olunan koordinasiyanı gücləndirəcək və gözləmə müddətlərini minimuma endirəcək.

Bununla yanaşı, limanlararası çoxtərəfli əməkdaşlıq platformalarının yaradılması da perspektiv təşəbbüslər sırasındadır. Bu mexanizmlər vasitəsilə ölkələr arasında qərarvermə proseslərinin daha uyğun şəkildə aparılması və ümumi tarif yanaşmalarının müəyyən hissəsinin uyğunlaşdırılması mümkün olacaq. Bu, iştirakçı ölkələr üçün vahid logistika paketlərinin formalaşmasına şərait yaradacaq və marşrutun cəlbediciliyini artıracaq.

Rəqabət qabiliyyətinin artırılması baxımından limanın növbəti strateji addımları isə daha genişdir. İnfrastruktur imkanlarının genişləndirilməsi, körpülərin modernləşdirilməsi və konteyner gücünün artırılması limanın tranzit imkanlarını yüksəldəcək əsas hədəflərdəndir. Eyni zamanda, rəqəmsallaşdırmaya əsaslanan əməliyyat modeli, o cümlədən real vaxt rejimində məlumat mübadiləsi, elektron sənədləşmə və vahid idarəetmə sistemləri limanın xidmət keyfiyyətini artıraraq region üzrə logistika mərkəzi kimi mövqeyini möhkəmləndirəcək. Ümumilikdə, Bakı Limanının regional əməkdaşlıq üzrə atacağı addımlar həm əməliyyat uyğunluğunu, həm standartlaşmanı, həm də strateji tərəfdaşlıq çərçivəsini gücləndirməyə yönələcək və bu yanaşma limanın beynəlxalq dəhlizlərdə rəqabət üstünlüyünü artırmaqla Azərbaycanın tranzit ölkə kimi rolunu daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti