...

TRIPP və Orta Dəhliz Qara Dəniz üzərindən həssas marşrutlara strateji alternativ yaradır

İqtisadiyyat Materials 12 Fevral 2026 11:01 (UTC +04:00)
TRIPP və Orta Dəhliz Qara Dəniz üzərindən həssas marşrutlara strateji alternativ yaradır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz və “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) Qara dəniz üzərindən həssas marşrutlara strateji alternativ formalaşdırır.

Trend bu barədə “The New Lines Institute” beyin mərkəzinə istinadən məlumat verir.

Qeyd olunur ki, 2025-ci ilin avqust ayında TRIPP-in 99 illik icarəyə verilməsi ilə bağlı elan və Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətçi görüşlərində tamhüquqlu iştirakçı statusu almasının məcmu təsiri Orta Dəhlizin institusional və diplomatik dəstəyini gücləndirir.

“Hazırda Mərkəzi Asiyanı, Cənubi Qafqazı əhatə edən və Avropa, eləcə də Türkiyə bazarları ilə əlaqələndirilən marşrutun geosiyasi əhatə dairəsinin genişlənməsi infrastruktur və normativ-hüquqi bazanın koordinasiyalı modernləşdirilməsinə, sərhəd prosedurlarının harmonizasiyasına və multimodal logistikanın inkişafına stimul yaradır. Qazaxıstan üçün bu o deməkdir ki, dəmir yollarına, logistika və liman infrastrukturuna yatırımlar artıq təkcə milli baxımdan səmərəli deyil, həm də daha inteqrasiya olunmuş Avrasiya ticarət şəbəkəsinin əsas elementinə çevrilir”, – hesabatda bildirilir.

Məlumata görə, TRIPP yalnız regional tranzit marşrutu və ya ABŞ-nin regiondakı mövcudluğunu gücləndirən və əvvəllər yetərincə istifadə olunmayan zonada layihələrin inkişafına təkan verən geosiyasi irəliləyiş kimi deyil, daha geniş geo-iqtisadi əhəmiyyətə malik müstəqil dəhliz kimi qiymətləndirilməlidir. Xüsusilə Orta Dəhliz və Mərkəzi Asiyanın formalaşmaqda olan nəqliyyat əlaqələndirmə arxitekturası ilə inteqrasiya olunduqda onun strateji effekti daha da artır. Onun fiziki uzunluğu Avrasiya nəqliyyat sistemləri ilə müqayisədə nisbətən məhdud ola bilər, lakin strateji əhəmiyyəti bununla müqayisədə qeyri-mütənasib dərəcədə böyükdür.

Qeyd edilir ki, coğrafi baxımdan TRIPP Mərkəzi Asiyadan kənarda yerləşsə də, onun uzunmüddətli dayanıqlılığı Qazaxıstanın Orta Dəhlizin dayaq həlqəsi kimi rolundan ayrılmazdır.

“Mərkəz bildirir ki, son 15 il ərzində Qazaxıstan dəmir yolu, liman, avtomobil yolu və rəqəmsal logistika infrastrukturuna təxminən 35 milyard dollar həcmində vəsaiti öz hesabına yatırıb ki, bu da bütün marşrut boyunca analoqu olmayan investisiya miqyasıdır. Bu ardıcıl investisiya siyasəti Qazaxıstanı Avrasiya quru ticarətinin əsas struktur mərkəzinə çevirib və yük axınlarının sürətli artımını təmin edib: son illərdə Orta Dəhliz üzrə daşımaların həcmi illik ifadədə 60 faizdən çox artıb”, – mərkəz qeyd edir.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti