Azərbaycan, 26 may / Trend / Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "Unileasing" növbəti regional nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə bazar ertəsi şirkətin regional inkişafı üzrə mütəxəssisi Emin Kərimov məlumat verib.
Onun sözlərinə görə, "Regionların inkişafı" proqramına uyğun olaraq, bütün ölkə ərazisində tam çeşidli peşəkar lizinq xidmətlərinin göstərilməsi üzrə əsas strategiyaya riayət edərək, sayca beşinci bölməni respublikanın mərkəzi regionunda açmaq planlaşdırılır. Yeni nümayəndəliyin sayəsində kommersiya tipli daşınmaz əmlakın, tikinti, nəqliyyat, istehsalat və tibbi avadanlığın lizinqi kimi əlverişli və perspektivli maliyyə vasitəsi ən sərfəli şərtlərlə Aran iqtisadi zonasının və ətraf bölgələrin sahibkarları üçün də əlverişli olacaq.
Kərimovun bildirdiyinə görə, hazırda "Unileasing" şirkətinin aşağıda sadalanan şəhərlərdə dörd regional bölməsi fəaliyyət göstərir: Gəncə (respublikanın Şimal-Qərb bölgəsi), Lənkəran (respublikanın Cənub-Şərq bölgəsi), Şəki (respublikanın şimal bölgəsi), Quba (respublikanın Şimal-Şərq bölgəsi). Regional bölmələr üzrə lizinq portfeli 5 milyon dolları aşır və şirkətin ümumi portfelində bu göstəricinin payı daim artmaqdadır.
"Unileasing" lizinq şirkəti, həm təqdim edilən xidmətlər spektorunun genişləndirilməsi, həm də müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması nöqteyi-nəzərindən respublikanın regionlarında fəaliyyətinin genişləndirilməsi üzrə aparılan işləri gələcəkdə də həyata keçirmək niyyətindədir.
Şirkətin regional inkişafı üzrə layihənin icrasına 2006-cı ildə başlanılıb. Bu məqsədlər üçün "Azerbaijan Business Assistance & Development" (ABAD) tərəfindən 68 000 ABŞ dolları məbləğində qrant ayrılıb. Bu qrantın vəsaitləri "Unileasing"in regionlarda nümayəndəliklərinin açılmasına yönəldilib.