Özbəkistan, Daşkənd, 09 iyun/ Trend , müxbir T.Jukov/ Ümumi istiləşmə ilə əlaqədar yaxın beş ildə Mərkəzi Asiyanı su böhranı gözləyir. Məşhur özbək alimi, Özbəkistan milli MAB UNESCO komitəsinin sədri, akademik Bekcan Taşmuhammedov belə hesab edir.
"Son icmalların qiymətləndirilməsi göstərir ki, Aral dənizi hövzəsində Sırdərya və Amudərya çaylarının axınlarının formalaşdığı zonada buzlaqların intensiv əriməsi gedir. Müxtəlif məlumatlara görə, əlli il ərzində buzlaqların həcmi 20 fazidən 40 faizədək azalıb. Son illərdə isə azalma tempi ildə 1 faiz təşkil edir. Gələcəkdə əsas su arteriyalarının axınlarının azalması və bundan sonra regionun quruması baş verə bilər", - özbək akademik söyləyib.
Onun sözlərinə görə, ölkə artıq indi kəskin su çatışmazlığı keçirir. Özbəkistanda suyun əsas istehlakçısı su ehtiyatları həcminin 84 faizini götürən suvarılan əkinçilikdir. Lakin mənbələrdən götürülmüş suyun az bir hissəsi təyinatı üzrə bilavasitə suvarmada istifadə olunur. Qalan dörddə üç hissəsini isə süzmə zamanı itkilər, magistral və təsərrüfat daxili buxarlanmalar və bilavasitə suvarılmada itkilər təşkil edir.
"Su çatışmazlığından əlavə regionun digər səciyyəvi cəhəti ölkənin düzən hissələrində torpaqların təbii duzlaşmasıdır. Suvarılan əkinçilik torpaqların duzlaşmasında əlavə faktordur. Özbəkistanın şumluq torpaqlarının 60 faizdən çoxu duzlaşıb. Torpaqların mineralsızlaşdırılması və torpaqların məhsuldarlığının bərpası üçün təmiz su ehtiyatları demək olar ki, tükənib", - Taşmuhammedov söyləyib.
Özbək alimi vəziyyətdən çıxışı regionda yağıntıların daimi tənzimlənməsində görür. "Müasir biliklər və texnologiyalarla bunu həyata keçirmək mümkündür. Biz kifayət qədər böyük ərazilər üzərindəki buludlara süni təsir etməklə yağıntıların miqdarını və onların vaxtını tənzimləyə bilərik. Bununla məşğul olmaq lazımdır, belə ki, planetdə təbii yağıntılar çox qeyri-bərabər paylanıblar - Şərqi Hindistanda 11000 mm (ildə 11 metr!), Cənubi Amerikanın Sakit okean sahilində isə demək olar ki, 0 mm. Yağıntıların miqdarının artırılması məqsədilə aparılan müxtəlif çoxillik təcrübələrdə buludlara aerozol generatorlarının səpilməsi və ya təyyarələrdən karbon qazı dənəciklərinin atılmasından istifadə olunur. Yüz min kvadrat kilometr mezomiqyasınadək səpinlə AN-26 tipli təyyarələrdən istifadə etmək məqsədəuyğundur ki, bu, mövsüm ərzində çayların axınını əlavə olaraq 10-20 kubkilometr artırmağa imkan verəcək".
Taşmuhammedovun sözlərinə görə, bu fəal texniki təsir vasitələri digər reagentlərlə doludan müdafiə texnologiyasında, buludların dağıdılmasında, böyük pambıq plantasiyaları massivləri üzərində arzuedilməz payız yağışlarının qarşısının alınmasında uğurla istifadə edilə bilər. Yağıntıların süni artırılması suvarılan əkinçilik üçün çayların axınını artırır və onların hidroenerji imkanlarını çoxaldır, taxılçılıq üçün dəmyə torpaqları və dağ otlaqlarını rütubətləndirir.
"Ölkəyə ola bilsin ki, Daşkənd aviasiya zavodu tərəfindən yığılmış ixtisaslaşmış şəxsi təyyarə parkına malik yağıntıların idarə edilməsi dövlət xidməti lazımdır. Biz qlobal istiləşmə nəticəsində buzlaqlarımızın nə zaman yoxa çıxacağını, çaylarımızın nə zaman tükənəcəyini və regionun nə zaman quruyacağını bilmirik. Lakin hadisələrin inkişafının digər modeli də var. Nikbin olmaq və yaxşıya ümid etmək lazımdır", - məşhur özbək alimi bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]