Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Məmmədov/ 1998-ci ildən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Beynəlxalq Miqrasiya Təşkilatı bu yaxınlarda muxtar respublikanın bəzi əkin yerlərində damcı ilə suvarma sisteminin tətbiqinə başlayıb.
Bu məqsədlə Babək rayonunun Ağamalı və Əshabi-Kəhf ərazilərindəki əkin sahələrində həmin sistem quraşdırılıb. Tingilik ərazisində isə çiləmə üsulu ilə suvarmanın tətbiqinə başlanılıb.
Damcı ilə suvarma sisteminin quraşdırılması işi isə Hindistandan gəlmiş mütəxəssis tərəfindən həyata keçirilib. J.N. Ray adlı həmin mütəxəssis Naxçıvanda bu sistemini tətbiqi üsulları barədə məşğələlər də verib.
Bugünlərdə isə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi, Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Ağamalı və Əshabi-Kəhfdə quraşdırılmış damcı ilə suvarmça sisteminə baxış keçirilib və dövlət nümayəndələrin bu üsulun suvarma üçün daha effektli olduğu qənaətinə gəliblər. Qeyd olunub ki, muxtar respoublikanın digər ərazilərində də bu sistemin tətbiqinə başlanılsın.
Suya, vaxta və pula qənaət olunan bu sistemdə az suyla daha çox ərazi suvarmaq mümkün olacaq.
Bütün bunlar barədə Trend a Beynəlxalq Miqrasiya Təşkilatı Naxçıvan Ofisinin rəhbəri Lüsi Dyupertuis məlumat verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]