...

Rusiyada Azərbaycan üçün yeni tanker suya buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend müxbir S.Əliyev/ Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma zavodu (MNP qrupunun tərkibinə daxildir) Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) sifarişi əsasında tikilmiş yeni tankeri suya buraxıb. Tanker "Zəngəzur" adlandırılacaq.

"Xəzər Dəniz Gəmiçiliyi hazırda donanmasının yenilənməsini aparır. Bu iş xüsusilə də Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma müəssisəsində gəmilərin tikintisi hesabına aparılır", - Gəmiçiliyin informasiya və mətbuat şöbəsinin rəisi Vüqar Sadıqov bildirib.

19619 layihəli tankerlər "çay-dəniz" sinfinə aiddir, 12 yük və bir durulducu tankla təchiz olunub. İkiqat bortlarda və ikiqat dibdə ballast bölmələrinə malikdir. Onun uzunluğu 150 m, eni 17,30 m, göyərtəsinin hündürlüyü - 10,5 m, dedveyti 13 min tondan çoxdur və bu, liman terminalları yenidən təchiz edilmədən sərbəst şəkildə Xəzərdə istifadə edilə bilən gəmilər üçün maksimal həddir. Gəmi limanlara daxil olmadan 20 sutka dənizdə ola bilər.

Gəmi xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Bir reysdə bir neçə neft məhsulu növünün eyni zamanda yüklənə bilməsi imkanı nəzərdə tutulub.

XDG ilə ilk tankerlərə dair müqavilə 2002-ci ildə bağlanıb. 2006-cı ildə isə "Prezident Heydər Əliyev", "Babək", "Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud" tankerləri sifarişçiyə verilib və hazırda onlar Xəzər dənizində istismar olunurlar.

Xəzər Dəniz Gəmiçiliyi - iri gəmiçilik şirkətidir. Onun əsas fəaliyyəti, neft və neft məhsulları üstünlük təşkil etməklə, yüklərin daşınmasıdır. Gəmilərin üzdükləri rayonlar - Xəzər, Qara, Aralıq, Mərmərə dənizləridir. Xəzər Gəmiçiliyinin Qara dəniz-Azov hövzəsində işləyən gəmiləri Avropa, Yaxın Şərq və Şimali Afrikanın əcnəbi kirayəçilərinin yüklərinin daşınmasını həyata keçirir.

Dəniz və Neft-Qaz Layihələri Şirkətlər Qrupu (DNQL Qrupu) gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahələrində layihələrin idarə edilməsini həyata keçirən şirkətdir. Qrupa Krasnoe Sormovo zavodu (Nijni Novqorod), Volqoqrad gəmiqayırma zavodu, Sormovo maşınqayırma zavodu (Nijni Novqorod) və Volqoqrad xüsusi maşınqayırma zavodu, həmçinin, Friede & Goldman (ABH) daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti