Azərbaycan, Bakı, 24 sentyabr/ Trend / UNİCEF - in məlumatına əsasən, 2000 - ci ildən Azərbaycanda 5 yaşadək uşaqlar arasında ölüm halları azalıb. Təşkilatın məlumatında bildirilir ki, ötən il Azərbaycanda hər 100 yeni doğulan və 2 yaşınadək körpələr arasında 34 ölüm, 5 yaşına çatmamışlararasında isə 39 ölüm qeydə alınıb.
Rəsmi məlumatlara əsasən, körpələr arasında bütün ölüm hallarının 44 faizi doğuşdan sonrakı birinci ay ərzində baş verir; bunlardan da 91 faizi doğuşdan sonrakı ilk həftəyə təsadüf edir.
Təşkilat qeyd edir ki, belə ölüm hallarının əksəriyyətinin qarşısını almaq mümkündür və onlar, əsasən, səhiyyə müəssisələrində həyati əhəmiyyətli avadanlıqların çatışmazlığı, habelə analar arasında sağlamlıq məsələləri ilə bağlı məlumatların məhdudluğu ilə əlaqədar baş verir.
""Azərbaycan 2015-ci ilə qədər uşaq ölümünü üçdə - iki dəfə azaltmağı nəzərdə tutan Minilliyin Dördüncü İnkişaf Məqsədinə nail olunması istiqamətində yaxşı irəliləyiş əldə edib, - UNİCEF- in Azərbaycandakı nümayəndəliyinin rəhbəri səlahiyyətlərini icra edən Cilian Uilkoks bildirib. - Lakin ölkənin bu istiqamətdə inamla irəliləməsini təmin etmək üçün hələ çox işlər görülməlidir".
UNİCEF - in hesablamaları göstərir ki, bütün dünyada uşaqlar arasında ölüm halları rekord səviyyəyədək azalıb. Beş yaşınadək uşaqlar arasında ölüm halları 1990 - cı ildəki 13 mln.- dan 10 mln.- dək azalıb.