...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yeni rəhbəri idarənin işinin gücləndirilməsi üzrə planları açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2008 13:11 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yeni rəhbəri idarənin işinin gücləndirilməsi üzrə planları açıqlayıb

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan prezidenti İlham Əliyev İqtisadi İnkişaf Nazirliyinin (İİN), xüsusilə də nazirliyin bir sıra strukturlarının fəaliyyətindən narazı və narahatdır", - deyə cümə axşamı bu idarənin yeni rəhbəri Şahin Mustafayev bildirib. O, bu vəzifəyə oktyabrın 31-də təyin olunub.

"Bu strukturların rəhbərləri artıq vəzifələrindən kənarlaşdırılıblar və strukturlarda araşdırma və yoxlamalar aparılacaq", - deyə Mustafayev bildirib.

Yeni nazirin sərəncamına əsasən, bu həftə İİN-in nəzdində Dövlət Antiinhisar Xidmətində müvəqqəti olaraq rəhbər vəzifəsini icra edən Elçin Zeynalov, İstehlakçı bazarı üzərində nəzarət üzrə Dövlət Xidmətində müvəqqəti olaraq rəhbər vəzifəsini icra edən Aslan Cəfərov və Sahibkarlığa Dəstək Milli Fondunun icraçı direktoru Xaliq Məmmədov vəzifələrindən kənarlaşdırılıblar. Onların vəzifələrini müavinləri icra edir.

Mustafayevin sözlərinə görə, nazirliyin əsas fəaliyyəti sahibkarlar üzərində əsassız yoxlamalar aparmaqdan deyil, onların fəaliyyətinə dəstək verməkdən ibarət olmalıdır.

"İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına yardım göstərəcək", - deyə nazir bildirib.

Onun sözlərinə görə, yoxlamaların aparılması üçün nazirlik aparatında qısa müddət ərzində "təəssüf ki, bu günədək olmayan" daxili nəzarət strukturunun yaradılması planlaşdırlır. Belə struktur vasitəsilə nazirlik strukturlarının fəaliyyətina dair araşdırmalar aparılacaq, "zərurət yarandığı təqdirdə, biz digər dövlət strukturlarına müraciət edəcəyik", - deyə nazir bildirib.

Mustafayev bildirib ki, nazirliyin gələcək fəaliyyətində əsas diqqət milli sahibkarlığın intensivləşdirilməsinə ayrılacaq.

"Biz layihələrin daha real və səmərəli olması üçün ciddi çatışmazlıqları aradan qaldırmağı planlaşdırırıq. Kreditləşmə daha şəffaf həyata keçirilməlidir. Prioritet kimi əsas diqqət regionların inkişafına yönəldilməlidir", - deyə Mustafayev bildirib.

Onun sözlərinə görə, antiinhisar xidmətin fəaliyyəti bu gün olduqca mühüm və aktualdır.

"Biz həmçinin onun fəaliyyətini araşdırmaq və gələcəkdə işini təkmilləşdirməyə də hazırlaşırıq. Əsas məqsəd sahibkarlığın fəaliyyətinə əsassız maneələri aradan qaldırmaqdır", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti