...

Bakı Fond Birjası komissiya haqlarını endirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2009 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend /

2009-cu il aprel ayının 7-də Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin yığıncağı keçirilib və orada qəbul edilmiş qərara əsasən, birjanın komissiya siyasətinə bəzi dəyişikliklər edilib.

Bazarın hazırki konyunkturasını nəzərə alaraq, dövlət qiymətli kağızlarının emissiya həcmlərinin ötən illə müqayisədə təqribən 3 dəfə artması və bu kağızlar üzrə gəlirliliyin aşağı düşməsi ilə əlaqədar olaraq, xüsusilə, daha uzunmüddətli istiqrazlar üzrə əməliyyatların stimullaşdırılması məqsədilə bəzi komissiya haqlarına dəyişikliklər etmək məqsədəuyğun hesab edilib.

BFB-nin məlumatında deyilir ki, nəticədə, Maliyyə Nazirliyi tərəfindən emissiya edilən 6 aylıq dövlət istiqrazları üzrə birjanın tətbiq etdiyi komissiya haqqı 0,30%-dən 0,25%-ə , 1 illik və daha artıq dövriyyə müddətli dövlət istiqrazları üzrə isə 0,6%-dən 0,5%-ə endirilib.

Digər bir dəyişiklik banklararası repo əməliyyatları üzrə komissiyanın müəyyən edilməsindən ibarətdir. Belə ki, bu əməliyyatlar 3 ilə yaxındır ki, birjada heç bir komissiya haqqı tutulmadan keçirilir və indiyədək birja tərəfindən bu sektor üzrə komissiya müəyyən edilməyib. Bu addım vaxtilə birja tərəfindən bu sektorun inkişafına təkan vermək məqsədilə atılıb. Birja rəhbərliyinin fikrinə görə, hazırki dövrdə artıq banklararası repo əməliyyatları sektoru kifayət qədər inkişaf edib və bu əməliyyatlar üzrə komissiya haqlarının tətbiq edilməsi üçün əlverişli şərait yaranıb.

Bununla əlaqədar olaraq, banklararası repo əməliyyatları üzrə komissiya haqqı bir günlük əməliyyat olduğu halda 0,001%, iki günlük əməliyyat olduqda 0,002%, üç günlük və daha artıq müddətli əməliyyat olduqda isə 0,003% səviyyəsində müəyyən edilib.

Qərara əsasən, yeni komissiya haqları aprelin 13-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti