...

"Donuz qripi" virusu ilə əlaqədar Azərbaycanda nəqliyyatın bütün növlərində profilaktik tədbirlər gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2009 13:48 (UTC +04:00)
"Donuz qripi" virusu ilə əlaqədar Azərbaycanda nəqliyyatın bütün növlərində profilaktik tədbirlər gücləndirilib

Azərbaycan, Bakı, 28 aprel / Trend /

Azərbaycan dəmir yolunda "donuz qripi" virusunun profilaktikası üzrə işlər gücləndirilib. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən (ADDYİ) məlumat verilib.

Bütün vaqonlar reysə verilməmişdən öncə dezinfeksiyadan keçirlər. "Bundan əlavə, daşımalarda iştirak edən bütün əməkdaşlara sərnişinləri xəbərdar etmələri barədə göstəriş verilib", - deyə ADDYİ-dən bildiriblər. Gələn qatarlara sanitar nəzarət sərhəddə Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilir.

AZAL QSC-dən bildiriblər ki, beynəlxalq reyslərin qəbul olunduğu Heydər Əliyev adına hava limanında da profilaktik işlər görülür. Bütün hava gəmiləri dezinfeksiyadan keçir.

Dünən Azərbaycanda Amerika qitəsindən bütün heyvandarlıq məhsullarının idxalına qadağa qoyulub.

Meksika və Braziliyadan Azərbaycana heyvandarlıq məhsulları gətirilmir, ABŞ-dan isə bir aydan az müddət əvvəl toyuq əti alınıb.

Profilaktika məqsədilə ölkənin bütün donuzçuluq təsərrüfatları sərt profilaktik iş rejiminə keçirilib, regionlarda baytarlıq idarələrində iş rejimi gücləndirilib, vəziyyətə nəzarət idarə rəhbərlərinə tapşırılıb.

"Donuz qripi" epidemiyası Meksikada başlayıb. Yoluxma halları digər ölkələrdə də qeydə alınıb. Hazırda beş ştatda təqribən 20 nəfərin "donuz qripi"nə yoluxma halının qeydə alındığı bildirilir. ABŞ-da fövqəladə vəziyyət elan olunub. Ümumdünya Səhiyyə Təşkilatı Şimali Amerikada "donuz qripi"nin baş qaldırmasını "beynəlxalq səviyyədə səhiyyə üçün təhlükə" elan edib.

"Donuz qripi" öldürücü virusdur. Yoluxma hava-damcı yolu ilə baş verir, virus mikroviruslar qəbiləsinə aiddir, A (H1N1) növlüdür. İnsanların bu virusa yoluxması az ehtimal olunur, yoluxma hallarının əksəriyyəti heyvanlarla bilavasitə təmasda olan şəxslərdə qeydə alınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti