Azərbaycan, Bakı, 18 may / Trend , müxbir Ü.İsmayılova /
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Bakının ərzaq bazarında monitorinqləri davam etdirir. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Növbəti monitorinq A.Cəlilov küçəsi, 23 ünvanında yerləşən "Fərid" müstəqil şirkətinə məxsus topdansatış obyektində aparılıb. Yoxlamalar zamanı ümumi çəkisi 1,42 min kq olan 18,33 min ədəd istifadə müddəti ötmüş və yararsız ərzaq məhsulları (kolbasa, pendir, qənnadı məmulatları, yoqurt və s.) aşkar edilib.
Həmin məhsullar Dövlət Xidmətinin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bir daha əhalini ərzaq alarkən diqqətli olmağı və keyfiyyətsiz məhsullarla bağlı Dövlət Xidmətinə məlumat verməyi tövsiyə edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]