...

Azərbaycan bankı Bank Respublika 17 illik fəaliyyətini qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend / 

Azərbaycan bankı Bank Respublika may 22-də fəaliyyətinin 17 illiyini qeyd edir. Ötən 17 il ərzində bank əhəmiyyətli inkişafa nail olmuş və hazırda maliyyə göstəricilərinə görə ölkənin beş ən yaxşı bankı sırasındadır. Bu barədə Bank Respublika-nın məlumatında bildirilir.

2005-ci il tarixindən etibarən bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü SIDT təmsil olunur.

Bank Respublika Moody's Investors Service beynəlxalq reytinq agentliyinin "stabil" proqnozlu B2 reytinqinə malikdir. Bank Respublika Azərbaycanda beynəlxalq reytinq alan ilk banklardandır və bankın reytinqi ölkənin bank sektorunda ən yüksək reytinqlərdəndir.

Bank Respublika-nın əsas məqsədlərindən biri yeni bank xidmətlərinin tətbiqi ilə yanaşı, müştərilərə keyfiyyətli xidmətin göstərilməsidir. Bu məqsəd Bank Respublika-nın "Sizə faydalı" sloqanında öz əksini tapır.

Novator olaraq və müştərilərə yüksək dərəcədə faydalı xidmətin təklif edilməsinə yönəldilmiş fəaliyyəti nəticəsində Bank Respublika Azərbaycanda ilk dəfə olaraq MasterCard və VISA plastik kartlarını müştərilərə pulsuz və xidmət haqqı olmadan təqdim etmiş, geniş seçim imkanları olan "Əmanət Şərtlərinin Sərbəst Seçimi" əmanət proqramını hazırlamış, "Müştəri-Bank" distant xidmətini tətbiq etmiş, Azərbaycanda yeganə 24 saat fasiləsiz xidmət göstərən Ofis24 yaratmış, bank məlumat xidmətini - "banka zəng 144" - istifadəyə vermiş və bir sıra digər yeni məhsul və xidmətlər təklif etmişdir.

Bankın 9 müxtəlif təcili pul köçürmə sistemlərinə (Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya Poçta, Blizko, Xpress Money və Allür) qoşulması müştərilərə onların fərdi tələbatlarına cavab verən optimal sistemi seçmək imkanı verir. Bank, həmçinin müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi proqramları üzrə əməkdaşlıq edir.

Hazırda Bank Respublika müştərilərə müxtəlif bank xidmətləri göstərir - hesablaşma-kassa xidmətləri, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, bank seyflərinin icarəsi, mobil operator xidmətlərinin ödənişi, kommunal xidmət haqlarının ödənişi, İnternet-Bank, MobilBank xidməti və sair.

Bank Respublika "Baki Sığorta" sığorta şirkətinin əsas səhmdarı və "Respublika İnvest" MMC-nin təsisçisidir.

Fəaliyyət göstərdiyi illər ərzində Bank Respublika müştəri xidməti şəbəkəsini genişləndirmişdir. Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Quba, Xaçmaz, Lənkəran, Astara, Masallı, Cəlilabad, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində bankın 32 filial və şöbəsi fəaliyyətdədir. Bankın 17 filialı ölkənin regionlarında xidmət göstərir.

Bankın konstruktiv fəaliyyəti onun maliyyə göstəricilərinin dinamikasında müşahidə olunur. 1 may 2009-cu il tarixinə Bankın məcmu kapitalı 57 mln. manatı üstələmiş, aktivləri isə 392,8 mln. manata çatmışdır. Beləliklə, Bank Respublika Azərbaycanda aparıcı banklardan olmaqla ildən ilə ölkənin maliyyə bazarında öz mövqeyini daha da möhkəmləndirir.

Xəbər lenti

Xəbər lenti