Azərbaycan və Qazaxıstan arasında çox möhkəm tarixi əlaqələr var, iki ölkə beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyət göstərir, ikitərəfli münasibətlər çox uğurla inkişaf edir. Həyata keçirilən konkret layihələr, həmçinin gələcəyə yaxşı perspektivlər var. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə geniş tərkibdə görüşü zamanı deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri oktyabrın 2-də başlayıb.
"Biz buraya nazirliklərin və idarələrin rəhbərlərindən ibarət böyük nümayəndə heyəti ilə gəlmişik ki, ilk növbədə ölkələrimizin böhrana qarşı iş sahəsində təcrübə mübadiləsi aparaq, hələ həll edilməmiş məsələləri həll edək", - Qazaxıstan Prezidenti bildirib.
"Biz deməliyik ki, Qazaxıstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Sizinlə görüşlərimizin dinamikası buna dəlalət edir", - Nazarbayev deyib. O qeyd edib ki, Azərbaycan regionun şəksiz liderinə çevrilib.