...

Azərbaycanın mikromaliyyə sahəsinə yeni investisiya ehtiyatları lazımdır - USAID

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2009 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir N.İsmayılova/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ölkə regionlarında sosial-iqtisadi inkişaf və özəl sektorun rəqabətədavamlılığının inkişaf etdirilməsi üzrə ölkədə həyata keçirilən iki layihə çərçivəsində Azərbaycanın mikromaliyyə sektoruna dəstək olacaq. Bu barədə USAID-in ölkə üzrə koordinatoru Skot Teylor çərşənbə günü bildirib.

"1992-2002-ci illərdə USAID tərəfindən həyata keçirilən proqramlar çərçivəsində biz 3 təşkilata - CredAgro, FINCA və TBC Kredit təşkilatlarına köməklik göstərməklə bu sektora 20 milyon dollardan çox investisiya qoymuşuq", - Teylor deyib.

Onun sözlərinə görə, USAİD-in maliyyələşdirdiyi təşkilatlar hazırda kifayət qədər güclüdürlər və maliyyə cəhətdən asılı deyillər. Onlar sərbəst şəkildə xarici sərmayədarlardan vəsait cəlb edə bilirlər.

"Hazırda ölkənin qeyri-bank kredit təşkilatları ölkənin 61 regionunda 90 filial üzrə 160 mindən çox müştəriyə xidmət göstərir. 2003-cü ildən 2009-cu ilin mayınadək ölkənin qeyr-bank təşkilatlarının müştərək portfeli 10 milyon dollardan 171 milyon dollaradək artıb", - Teylor deyib.

Azərbaycanın dövlət büdcəsinə kredit institutları tərəfindən 6 milyon dollardan çox gəlir vergisi ödənilir.

Teylorun fikrincə, ölkənin mikromaliyyə sektoru hazırda yolayrıcındadır, çünki qeyri-bank kredit təşkilatları maksimal "radiusa" çatıb. Qeyri-bank kredit təşkilatları artıq beynəlxalq institutlar tərəfindən irihəcmli kreditlər alıb və bu maliyyə institutlarının biznesinin gələcəkdə də genişlənməsi üçün yeni investisiya ehtiyatları tapmalıdır.

Onun sözlərinə görə, çərşənbə axşamı Maliyyə Nazirliyində görüş zamanı regionların sosial-iqtisadi inkişafı üzrə USAID proqramının icra planı qəbul edilib.

Bu proqram USAID-lə Azərbaycan hökuməti tərəfindən birgə reallaşdırılır. Proqrama Bakının yox, yalnız regionların dəstəklənməsi aiddir. Onun reallaşdırılması yarım il ərzində başlayacaq.

Proqramın həyata keçirilməsinə 4 milyon dollar ayrılıb. Bu məbləğ USAID və Azərbaycan hökuməti arasında bərəbər paylanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti