Azərbaycan, Bakı, 02 mart / Trend /
Azərbaycanın kreditləşmə üzrə liderlərindən biri olan AccessBank-ın kredit portfeli 300 milyon dolları və 100 000 müştəri həddini ötüb. Bu barədə Bankın çərşənbə axşamı yayılan məlumatında deyilib.
"Bu göstəricilər son 12 ay ərzində kredit portfelinin 100 milyon ABŞ dolları, kredit alan müştərilərin sayının isə 50 000 nəfəri keçdiyini nümayiş etdirir", - məlumatda deyilib.
Bu cür sürətli inkişaf onunla şərtlənir ki, 2009-cu böhran ilinin əvvəlində mövcud bazar tendensiyalarına baxmayaraq, AccessBank bir müştəriyə verilən kredit həddini artıraraq iki milyon manata çatdırıb və bununla da Azərbaycan biznesi üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.
"AccessBank öz fəaliyyətini heç zaman dayandırmır və biz, xüsusilə Abşeronun hüdudlarından kənarda ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edirik", - Baş menecer Andrü Pospilovski yeni nailiyyətləri şərh edərək deyib.
AccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank təsdiq edilmiş (Uzunmüddətli DER BB+ və fərdi reytinq D səviyyəsində) və 100% xarici 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.
Martın ikisinə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.