...

Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan razıdır - Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 23:58 (UTC +04:00)
1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayə nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişafımızı göstərən bəzi rəqəmlər səsləndi. Azərbaycan son illər ərzində iqtisadi inkişaf baxımından, sözün əsl mənasında, ən sürətlə inkişaf edən ölkədir, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı bildirib.
Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan razıdır - Prezident İlham Əliyev

1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayə nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişafımızı göstərən bəzi rəqəmlər səsləndi. Azərbaycan son illər ərzində iqtisadi inkişaf baxımından, sözün əsl mənasında, ən sürətlə inkişaf edən ölkədir, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı bildirib.

"Ümumi daxili məhsulun, sənaye istehsalının artımı, investisiyaların cəlb edilməsi və ən önəmlisi yoxsulluğun demək olar ki, 4 dəfədən çox aşağı düşməsi bizim əsas nəticələrimizdir. Bu onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz sadəcə olaraq 20 ilə yaxındır ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bundan əvvəl - Sovet İttifaqının tərkibində yaşadığımız dövrdə Azərbaycanda bazar iqtisadiyyatı yox idi. Ancaq buna baxmayaraq, artıq iqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır və özəl sektorun inkişafı bizim üçün prioritetdir" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı deyib ki, Azərbaycan özəl sektoru müxtəlif yollarla stimullaşdırmaq üçün tədbirlər görür ki, Azərbaycanda güclü sahibkarlar sinfi yaransın. Artıq bunun nəticələrini görürük.

"Biz çalışmışıq və çalışırıq ki, ölkə iqtisadiyyatının bütün sahələrini inkişaf etdirək. Qeyri-neft sektorunu inkişaf etdirək və bu istiqamətdə də böyük nailiyyətlər əldə edildi. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, həm iqtisadi və maliyyə böhranına, eyni zamanda, bildiyiniz kimi, dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, keçən il Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artmışdır. Yəni, bu artım bu günə qədər görülən işlərin nəticəsidir. Artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, bir sektordan asılı deyildir. Azərbaycan investisiya qoyuluşu üçün də çox əlverişli ölkədir. Həm daxili, həm xarici investisiyalar Azərbaycanda dövlət səviyyəsində qorunur və bu, bizə imkan verir ki, iqtisadiyyatımızı sürətlə inkişaf etdirək" Prezident çıxışında qeyd edib.

İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə də sıx əməkdaşlıq edir və bu əməkdaşlığın da gözəl nəticələri vardır.

"Ölkədə, ümumiyyətlə, iqtisadi və siyasi sabitlik mövcuddur. Hesab edirəm ki, uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Çünki sabitlik olmayan yerdə iqtisadi inkişafdan, investisiyalardan söhbət gedə bilməz. Biz bunu yaxşı bilirik. Çünki müstəqilliyimizin qısa tarixində müxtəlif dövrlər olmuşdur və biz görürdük ki, sabitlik pozulanda bu, öz mənfi nəticələrini dərhal iqtisadi məsələlərdə də göstərir.

Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Biz ölkə iqtisadiyyatının gücləndirilməsi sahəsində əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Qarşımızda böyük hədəflər var ki, Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edək. Bu istiqamətdə artıq gözəl nəticələr vardır. Bu gün rəqəmlər səsləndirildi. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Biz hələ bu yolun başlanğıcındayıq. İqtisadi islahatlarımızın davam etdirilməsi və böyük layihələrin icrası nəticəsində ölkədə əlavə imkanlar yaradılacaqdır.

Bir sözlə, iqtisadi sabitlik imkan verir ki, biz siyasi cəhətdən də müstəqil siyasətimizi cəsarətlə aparaq. Azərbaycan o ölkələrdəndir ki, müstəqil siyasət aparır. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına əsaslanır və eyni zamanda, bölgədə gedən proseslərə də müsbət təsir göstərir. Biz beynəlxalq və regional əməkdaşlıq işlərində çox fəal iştirak edirik. Azərbaycanın təşəbbüsü ilə bölgədə uğurla icra edilən nəhəng enerji layihələri bunun bariz nümunəsidir. Bizim təşəbbüsümüzlə müxtəlif istiqamətlərə neft-qaz kəmərləri çəkildi. Bu gün bu kəmərlər həm Azərbaycanın iqtisadi maraqlarını təmin edir, bölgənin inkişafına xidmət göstərir, bölgədə gedən əməkdaşlığı dərinləşdirir və bütövlükdə, qitənin enerji təhlükəsizliyinə də öz müsbət təsirini göstərir. Biz enerji resurslarımızdan çox uğurla və məharətlə istifadə edə bildik və əldə edilmiş gəlirləri qeyri-neft sektoruna yönəltdik. Məhz bunun nəticəsində biz ölkə iqtisadiyyatında şaxələndirmə meyillərini daha da gücləndirdik" dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, Azərbaycan, eyni zamanda, bütün maliyyə sistemində şəffaflıq prinsiplərini tətbiq edir və bu istiqamətdə də böyük nailiyyətlər əldə edilibdir.

"Azərbaycanın Dövlət Neft Fondu çox şəffaf bir qurumdur, Birləşmiş Millətlər Təşkilatı tərəfindən mükafatlandırılıb və hasilatda şəffaflıq təşəbbüsünün fəal üzvü kimi Azərbaycan bu sahədə də liderlik göstərir. Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan kapitalına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür. Sosial sahənin gücləndirilməsi üçün konkret proqramlar icra edilir. Təhsil, səhiyyə, mədəniyyət, idman - bu sahələr bizim üçün prioritetdir. Gəlirlərin ədalətli bölüşdürülməsi bir tərəfdən cəmiyyətdə ədalət prinsiplərinin bərqərar olunmasını təsdiqləyir, digər tərəfdən bizə imkan verir ki, ölkə qarşısında duran vəzifələri daha da böyük səmərə ilə və keyfiyyətlə icra edək. Biz böyük infrastruktur layihələrini, xüsusilə nəqliyyat sektorunda layihələri icra edirik ki, onlar ölkəmizi gücləndirir və eyni zamanda, beynəlxalq məna daşıyır. Bizim təşəbbüsümüzlə çəkilən dəmir yolları, açılan dəhlizlər bölgə üçün böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi nəticəsində Asiya ilə Avropa yeni dəmir yolu ilə birləşəcəkdir. Bu təşəbbüsü biz göstərmişik və ilkin maliyyə resurslarını biz səfərbər etmişik. Eyni zamanda, Şimal-Cənub dəhlizinin fəaliyyəti nəticəsində Azərbaycan bu baxımdan da öz imkanlarını genişləndirəcəkdir. Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq infrastruktur layihələri olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyət daşımır. Biz öz coğrafi vəziyyətimizdən uğurla istifadə etməliyik və edirik. Beləliklə, Azərbaycan öz tarixi missiyasını davam etdirəcəkdir. Tarixi İpək Yolu vaxtilə Azərbaycan ərazisindən keçmişdir. Biz bu gün müasir infrastruktur layihələri ilə, öz təşəbbüslərimizlə bu tarixi İpək Yolunu müxtəlif formalarda bərpa edirik" Prezident bildirib.

İlham Əliyev qarşımızda duran vəzifələrin çox olduğunu deyib.

"Bu günə qədər əldə edilmiş uğurlar bizi daha da ruhlandırır. Çünki iqtisadi cəhətdən möhkəm və sabit olan ölkə əlbəttə ki, siyasi çəkisini də artıracaqdır. Azərbaycanın bölgədəki rolu artır, dünyadakı mövqeləri möhkəmlənir. Biz beynəlxalq təşkilatlarda özümüzü çox etibarlı tərəfdaş kimi göstərə bilmişik. Qonşu dövlətlərlə bizim çox səmərəli, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərimiz vardır. Bu da hər bir ölkə üçün çox vacibdir ki, onun qonşuluğunda da işlər yaxşı getsin.

Bizim gələcək planlarımız da aydındır. Biz öz işimizi proqram əsasında qururuq. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın uğurlu icrası bizə imkan verdi ki, artıq ölkəmizin iqtisadiyyatını böyük dərəcədə şaxələndirək. Bu gün biz ikinci dövlət proqramını icra edirik. 2009-2013-cü illəri əhatə edən bu proqramın nəticəsində əminəm ki, ölkə qarşısında duran əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Bizim proqramlarımız çox konkret xarakter daşıyır. Onların icra mexanizmləri, konkret cədvəli və ən önəmlisi maliyyə resursları vardır. Bu, bizə deməyə imkan verir ki, ikinci proqram da uğurla icra ediləcəkdir. Bununla bərabər, bir daha demək istəyirəm ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı dərinləşdirəcəyik. Xüsusilə, İslam İnkişaf Bankı ilə əməkdaşlığımızın çox gözəl perspektivləri vardır. Biz bir daha İslam İnkişaf Bankının rəhbərliyinə böyük minnətdarlıq hissi ilə müraciət etmək istəyirik. Minnətdarlığımızı bildirmək istəyirik ki, bizə kömək göstərildi, xüsusilə ölkəmizin ağır illərində bu əməkdaşlıq, bu yardımlar, bu kreditlər çox böyük məna daşıyırdı. Bu gün də böyük məna daşıyır və mən heç şübhə etmirəm ki, biz bu uğurlu əməkdaşlığı gələcəkdə davam etdirəcəyik" dövlət başçısı deyib.

İlham Əliyev bildirib ki, İslam İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əlamətdar bir hadisədir.

"Əminəm ki, bu toplantı uğurlu keçəcək və toplantının nəticələri bankın üzvü olan ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək, eyni zamanda, bankın perspektivləri haqqında geniş fikir mübadiləsi aparılacaqdır.

İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Bu gün bu barədə burada artıq rəqəmlər göstərildi. Uzun illərdir ki, biz bu səmərəli əməkdaşlıqdan böyük mənfəət götürürük və Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidməti çox böyük olmuşdur. Əminəm ki, gələcək illərdə də bu əməkdaşlıq dərinləşəcək və ölkəmiz qarşısında duran iqtisadi və sosial məsələlərin həlli üçün biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.

Əməkdaşlığımızın gözəl perspektivləri vardır. Azərbaycan öz inkişaf dövrünü yaşayır və bankın xətti ilə Azərbaycanda həyata keçirilmiş layihələr özünü doğruldur. Ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün biz gələcəkdə də iqtisadi islahatlarımızı davam etdirəcəyik. Bir sözlə, mən qeyd etmək istəyirəm ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında bu günə qədərki əməkdaşlıq çox uğurlu olmuşdur. Biz bu əməkdaşlıqdan çox məmnunuq və ümid edirik ki, biz gələcəkdə də bu əməkdaşlığın dərinləşməsinə bərabər səylərimizi göstərəcəyik.

Hesab edirəm ki, bugünkü toplantı, eyni zamanda, bankın üzvü olan ölkələr arasında da əlaqələrin genişlənməsinə xidmət edəcək, islam həmrəyliyini gücləndirəcəkdir. Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini göstərir. Baxmayaraq ki, biz müstəqil ölkə kimi nisbətən gəncik, biz artıq İslam Konfransı Təşkilatının çox fəal üzvünə çevrilmişik. İslam Konfransı Təşkilatının xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir və o tədbirlərin çox gözəl nəticələri vardır. İslam həmrəyliyinin gücləndirilməsi bizim ümumi işimizdir. Biz bu həmrəyliyi bir-birimizə verdiyimiz siyasi dəstəklə gücləndirə bilərik. Aramızda olan iqtisadi əlaqələrin inkişafı sayəsində bu həmrəyliyi daha da gücləndirə bilərik. Belə imkanlar vardır və İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi hamımızın marağındadır. Azərbaycan öz tərəfindən bu istiqamətdə səylərini davam etdirəcəkdir. Nəinki iqtisadi və siyasi sahədə, eyni zamanda, bütün başqa sahələrdə - mədəniyyət, humanitar sahələrində əlaqələrimizi gücləndirməliyik" Prezident deyib.

Xəbər lenti

Xəbər lenti