...

Azərbaycan bankı "DəmirBank" öz ipoteka proqramını həyata keçirməyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 18:39 (UTC +04:00)
İpoteka kreditlərinə tələbatı nəzərə alaraq, "DəmirBank" öz vəsaiti hesabına əhaliyə ipoteka kreditləri təklif edir.
Azərbaycan bankı "DəmirBank" öz ipoteka proqramını həyata keçirməyə başlayır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

İpoteka kreditlərinə tələbatı nəzərə alaraq, "DəmirBank" öz vəsaiti hesabına əhaliyə ipoteka kreditləri təklif edir. Bankın proqramı üzrə ipoteka kreditləri yaşayış sahəsinin alınması və ya tikintisi məqsədi ilə verilir. Bu barədə bankın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Bankın öz vəsaiti hesabına ipoteka kreditlərinin şərtlərinə əsasən, müştəri alınacaq yaşayış sahəsinin qiymətinin ən azı 35%-i məbləğində ilkin ödəniş etməlidir. Kreditin məbləği 25 mindən 200 minədək manat və ya ABŞ dolları ekvivalentində ola bilər. Bankın vəsaiti hesabına ipoteka krediti 5 il müddətinə illik 18% dərəcəsi ilə verilir.

"DəmirBank" həmçinin Azərbaycan İpoteka Fondunun üzvüdür və əhaliyə Fond tərəfindən ayrılan maliyyə vəsaiti hesabına adi və sosial ipoteka kreditlərinin verilməsində iştirak edir.

"İpoteka kreditləşməsi sahəsində Azərbaycan İpoteka Fondu ilə geniş əməkdaşlıqla yanaşı, "DəmirBank" eləcə də mövcud təcrübədən yararlanaraq öz vəsaiti hesabına ipoteka kreditləri təklif edir. Bank bu sahədə əvvəllər Beynəlxalq Maliyyə Korporasiyası ilə də birgə proqram həyata keçirib və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyi gözlənilir. Sosial yönümlü siyasətinə uyğun olaraq, "DəmirBank" ipoteka kreditləşməsinə böyük önəm verir. Ümumilikdə bütün mənbələr hesabına bankın 1 sentyabr 2010-cu il tarixinə ipoteka kreditləri üzrə portfeli 18,4 milyon manat təşkil edir", - bankın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank"ın öz vəsaiti hesabına ipoteka kreditləri ilə bağlı bankın filiallarına müraciət etmək olar. İpoteka kreditləri barədə daha ətraflı məlumat üçün İpoteka Kreditləri səhifəsinə daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Sentyabrın 24-nə olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti