...

Azərbaycanda kapital bazarlarının modernləşdirilməsi layihəsi qeyri-neft sektorunun inkişafını sağlam maliyyə platforması ilə təmin edəcək - Dünya Bankı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2010 20:09 (UTC +04:00)
"Kapital bazarlarının modernləşdirilməsi" layihəsinin hazırlığı statusuna dair müzakirələrin təşkil edilməsi üçün çərşənbə axşamı Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının maliyyə sektoru üzrə aparıcı mütəxəssisi Maykl Edvardsın rəhbərliyi ilə Dünya Bankı və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyətinin qəbulu təşkil edilib.
Azərbaycanda kapital bazarlarının modernləşdirilməsi layihəsi qeyri-neft sektorunun inkişafını sağlam maliyyə platforması ilə təmin edəcək - Dünya Bankı

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Dünya Bankının Azərbaycan hökuməti ilə yeni tərəfdaşlıq strategiyası çərçivəsində kredit portfelinə daxil edilməsi nəzərdə tutulan "Kapital bazarlarının modernləşdirilməsi" layihəsinin hazırlığı statusuna dair müzakirələrin təşkil edilməsi üçün çərşənbə axşamı Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının maliyyə sektoru üzrə aparıcı mütəxəssisi Maykl Edvardsın rəhbərliyi ilə Dünya Bankı və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyətinin qəbulu təşkil edilib. Bu barədə QKDK-nın çərşənbə axşamı yayılan məlumatında deyilir.

QKDK-nın sədri Rüfət Aslanlı ölkənin son dövrlər iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, ötən dövr ərzində Dünya Bankı tərəfindən idarə edilən və bir sıra mötəbər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən "FIRST Initiative" proqramı çərçivəsində qiymətli kağızlar bazarının inkişafına dair ortamüddətli strategiyanın hazırlanması istiqamətində görülən işləri qənaətbəxş hesab etdiyini və kapital bazarlarının modernləşdirilməsi layihəsinin yeni strategiyanın reallaşdırılması istiqamətində dəyərli töhfə olacağına ümid etdiyini bildirib.

Aslanlı bu istiqamətdə təşəbbüslərin Dünya Bankı tərəfindən dəstəkləndiyinin əhəmiyyətini qeyd edərək, ölkəmizdə maliyyə xidmətlərinin çeşidinin genişləndirilməsi və maliyyə institutlarının təkmilləşdirilməsi işinin iqtisadi sahədə, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində gələcək dövrlər üçün əsas proritetlərdən olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Dünya Bankının nümayəndə heyətinin sədri Maykl Edvards da öz növbəsində bu sahənin inkişafının ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində sağlam maliyyə platformasını təmin edəcəyinə əminliyini bildirib.

Görüşdə Dünya Bankı və SECO ilə potensial əməkdaşlıq çərçivəsində həyata keçiriləcək yeni layihənin implementasiya mexanizmləri, inkişaf məqsədləri və nəticə göstəricilərinə dair fikir mübadiləsi də aparılıb.

"Kapital bazarlarının modernləşdirilməsi" layihəsi QKDK-ya qiymətli kağızlar bazarının təşkilati və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazanın inkişafı üzrə islahatların aparılmasında texniki köməyə yönəldiləcək. Bu layihənin həyata keçirilməsi çərçivəsində QKDK və beynəlxalq ekspertlər tərəfindən 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq. "Kapital bazarlarının modernləşdirilməsi" layihəsi bu strategiyanın həyata keçirilməsi üçün genişmiqyaslı texniki yardımın göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti