Аzərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Vergilər Nazirliyi Mərakeş və Türkmənistanın müvafiq strukturları ilə vergi və gəlirlərə münasibətdə ikiqat vergitutmanın ləğvi haqqında konvensiya layihəsi üzrə müzakirələr aparıb. Bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetində dərc olunan məlumatda deyilir.
Rabat şəhərində keçirilən müzakirələr zamanı Mərakeşlə ikiqat vergitutmanın ləğvi haqqında konvensiya layihəsinin əsas bəndləri razılaşdırılıb.
Danışıqların yekunu üzrə Azərbaycanın Vergilər Nazirliyi ilə Mərakeşin Baş Vergi Administrasiyası arasında razılaşdırılmış bəndlər üzrə protokol imzalanıb. Yerdə qalan bəndlər Bakıda danışıqların növbəti mərhələsində müzakirə olunacaq.
Bakıda Türkmənistanın Xarici İşlər və Maliyyə nazirliklərinin, Dövlət Vergi Xidmətinin nümayəndələri ilə analoji danışıqlar aparılıb. Onların yekunlarına dair konvensiyanın bir sıra bəndləri üzrə protokol imzalanıb.
Bu gün Azərbaycan 40 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması barədə saziş imzalayıb. Onlardan 36-sı artıq qüvvəyə minib.