RED. əlavəsi: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəhbərinin müavininin sözləri əlavə olunub
Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın qərbində Samux rayonu ərazisində ev quşlarının H5N1 virusuna ("quş qripi") yoluxması faktı qeydə alınmayıb. Bu barədə cümə günü Samux rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev deyib.
"Həqiqətən də müəyyən dövrdə ev quşları arasında qırılma halları olub, lakin bu, mütəmadi olaraq yer alan təbii prosesdir", - Qarayev bildirib.
O deyib ki, bu halın "quş qripi" virusuna heç bir aidiyyəti yoxdur.
Cümə günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəhbərinin müavini Emin Şahbazovun sözlərinə görə, xidməti respublika ərazisində "quş qripi" (H5N1) virisu aşkar etməyib.
"Quşların qırılması mütəmadi olaraq baş verir. Lakin bu günə respublika ərazisində H5N1 virusuna yoluxma faktı aşkar edilməyib", - Şahbazov qeyd edib.
Onun sözlərinə görə, monitorinqlər Abşeron, Şabran, Lənkəran və digər rayonlarda aparılıb. Dekabrın 4-dən etibarən dörd gün ərzində monitorinqlər Samux, Şəmkir, Göygöl və digər ətraf rayonlarda keçiriləcək.
"Monitoqinqlər zamanı götürülən nümunələrin laborator analizi üçün təxminən bir həftə lazım olacaq", - Şahbazov əlavə edib.