...

AİB Azərbaycanda su layihəsi çərçivəsində yeni xərclər smetasını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.Xəlilova/

Asiya İnkişaf Bankı (AİB) Göyçayda su təchizatının və sanitar xidmətlərin yaxşılaşdırılması işlərinin həyata keçirilməsi üçün yeni smeta hazırlayıb. Smetaya əsasən, xərclərin təkrar qiymətləndirilməsi aparılıb. Bu barədə bazar ertəsi bankın Bakıdakı nümayəndəliyindən bildiriblər. Bu layihənin maliyyələşdirilməsi AİB-in 600 milyon dollar məbləğində multitranş maliyyələşməsi (MFF) çərçivəsində birinci tranş hesabına həyata keçiriləcək.

"Azərsu" ASC-nin keçirdiyi tender çərçivəsində podratçı şirkətlər tərəfindən təklif olunan qiymətlərə görə, xərclər real qiymətləri 100 faiz ötüb, - nümayəndəlikdən deyiblər. - Bununla bağlı qiymətlərə yenidən baxılması üçün yeni xərclər smetasının hazırlanmasına zərurət yaranıb ki, bu da Asiya bankının cəlb etdiyi məsləhətçi tərəfindən həyata keçirilib".

Bankın qiymətləndirmələrinə görə, Göyçayın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına 60 milyon dollardan bir az çox vəsait lazım olacaq.

Bu smeta nəzərə alınmaqla "Azərsu"nun yeni tender elan etməsi lazım olacaq, bu isə Azərbaycan hökumətinin qərarından asılı olacaq.

Bu prosesin yubanması layihənin həyata keçirilməsinin gələcək gedişini izləyəcək məsləhətçinin olmaması ilə əlaqədardır. Nümayəndəlikdən bildirdiklərinə görə, layihə məsləhətçisinin müəyyənləşdirilməsi üzrə tender artıq başa çatıb, hazırda ölkə hökuməti tərəfindən tenderin nəticələrinin elan edilməsi gözlənilir.

Göyçay və Naxçıvanda su təchizatı və sanitar xidmətlər sistemininin yaxşılaşdırılması üzrə layihənin ilkin dəyəri 39,9 milyon dollar təşkil edib. Layihənin maliyyələşdirilməsi üçün Asiya bankı ilkin olaraq 30 milyon dollar kredit ayırıb, 9,9 milyon dollar isə ölkə hökumətinin payına düşüb. İki rayonda işlərin tam əhatə olunması üçün bank MFF-in vəsaitləri hesabına 75 milyon dollar (birinci tranş), Azərbaycan hökuməti isə 25 milyon dollar ayırıb. MFF-in ilk tranşı AİB-in adi kredit resurslarından ayrılıb: illik libor+0,2 faiz dərəcə üzrə dörd il güzəştli dövr olmaqla 24 il müddətinə.

İlk tranşın vəsaitləri beş il əvvəl təsdiqlənmiş Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı sisteminin və sanitar xidmətlərin yaxşılaşdırılması üzrə layihənin bahalaşması ilə əlaqədar əlavə xərclərin ödənilməsi üçün nəzərdə tutulub. Bu layihənin dizaynı 2004-cü ildə hazırlanıb. Bu müddətdə tikinti materiallarının, əsasən də kanalizasiya materiallarının qiymətləri xeyli qalxıb, xərclərin artması müşahidə olunur. Azərbaycan tərəfinin təklifi ilə layihədə nəzərdə tutulan rayonlarda kanalizasiya sistemində müasir qurğuların qurulması da onun qiymətinə təsir göstərir. AİB-in layihəsində seçilmiş rayonlarda su təchizatının və kanalizasiyaların tam bərpası nəzərdə tutulur.

Naxçıvanda tikinti işlərinin həyata keçirilməsi üçün podratçı artıq müəyyənləşib.

Layihənin əhatəsini genişləndirmək üçün AİB 350 milyon dollar məbləğində MFF-in ikinci tranşını ayırıb. Bu vəsaitlər Ağdaş, Ağcabədi, Beyləqan və Balakəndə su təchizatı sisteminin və sanitar xidmətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

AİB-in 3-cü tranşı 175 milyon dollar məbləğində Bakı ətrafında mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün gözlənilir.

Su təchizatı və kanalizasiya sahəsində aydın strategiya və islahatlar proqramı ilə dəstəklənən mərhələli investisiyalar nəzərə alınmaqla, multitranş maliyyələşməsi AİB və Azərbaycan hökuməti arasında səkkizillik əməkdaşlıq üçün əsas olacaq.

MFF-in Azərbaycanın su təsərrüfatı üçün maliyyələşmənin ümumi həcmi 2009-cu ilin sentyabrında Asiya İnkişaf Bankının Direktorlar Şurasında 600 milyon dollar həcmi ilə bəyənilib.

"Azərsu" SC-nin su layihəsi üzrə məsləhətçisi AICO Consulting Ltd/European Consultans Organization konsorsiumudur.

Xəbər lenti

Xəbər lenti