...

İlin əvvəlindən Azərbaycanda güzəştli şərtlərlə 100 milyon manatdan çox məbləğdə kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 17:59 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Mingəçevir şəhəri və ətraf rayonların sahibkarlarına güzəştli şərtlərlə 554 min manat məbləğində kredit verilib.
İlin əvvəlindən Azərbaycanda güzəştli şərtlərlə 100 milyon manatdan çox məbləğdə kredit verilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Mingəçevir şəhəri və ətraf rayonların sahibkarlarına güzəştli şərtlərlə 554 min manat məbləğində kredit verilib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində Ağdaş rayonundakı "Türyançay" Fermer Təsərrüfatı" MMC-nin 800 başlıq südlük istiqamətli cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə baxış keçirilib. 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4650 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılması məqsədilə 4 investisiya layihəsi maliyyələşdirilib. Artıq Ağdamda 450 başlıq müasir cins heyvandarlıq kompleksi istifadəyə verilib.

Cümə günü SKMF Mingəçevirdə 140-a yaxın sahibkarın iştirakı ilə növbəti tədbir keçirib. Tədbir çərçivəsində Mingəçevir şəhərində layihələrin güzəştli maliyyələşdirilməsi üçün prioritet sahələr müəyyənləşdirilib.

SKMF treninq keçirərək sahibkarları güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları haqqında məlumatlandırıb.

İlin əvvəlindən SKMF güzəştli şərtlərlə 1336 sahibkara 100,9 milyon manat kredit verib. Bunun 99,8 faizi ölkə regionlarının payına düşür. Bu kreditlər 5003 yeni iş yerinin açılmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti