Azərbaycan, Bakı, 2 fevral/Trend, müxbir N.İsmayılova/
Maliyyə Nazirliyinin 2010-cu ilin yekunlarına və 2011-ci il üçün vəzifələrə həsr edilən geniş kollegiya iclası çərçivəsində korrupsiyaya qarşı mübarizə üzrə Maliyyə Nazirliyi sistemində həyata keçirilən tədbirlər, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə nazirliyin məlumatında deyilir. Kollegiyanın iclası fevralın 1-də keçirilib.
2011-ci il yanvar ayının 27-də Prezident İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, respublikamızda bu sahədə görülən işlər müzakirə edilmiş və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarına bir sıra tapşırıqlar verilib.
Maliyyə naziri Samir Şərifov iclas zamanı maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti Xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və Nazirliyin Vergi siyasəti və gəlirlər, Uçot siyasəti şöbələrinə konkret tapşırıqlar verib.
İclasda qeyd edildiyinə görə, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyinin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir. Nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilərək, əsassız yoxlamalar aparılmamalı, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməlidir. Nazirin sözlərinə görə, bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır.
Eyni zamanda, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrası üzrə Nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planın icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalı, Nazirliyin qaynar xəttinin əhatə dairəsi genişləndirilməli və ictimaiyyətin qaynar xətt barədə məlumatlandırılması işi həyata keçirilməli, "İnfomasiya əldə etmək haqqında" Azərbaycan Qanununa əsasən açıqlanmalı olan məlumatlar nazirliyin internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir, - Şərifov bildirib.
Nazir qeyd edib ki, 2011-ci ildə qarşıda duran mühüm vəzifələrdən biri də "Büdcə sistemi haqqında" Azərbaycanın Qanununa müvafiq olaraq 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilib.