...

Azərbaycan Prezidenti Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2011 00:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 15:00-da yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sistemində də davamlı inkişaf gedir. Gömrük xidməti daha da müasirləşir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.

Əsaslı şəkildə yenidən qurulmuş Sınıqkörpü sərhəd gömrük məntəqəsi də bu qəbildən olan işlərin davamıdır. Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və sərhəd qapısı funksiyasını yerinə yetirən, müasir standartlara cavab verən yeni gömrük məntəqəsinin inşası 2010-cu ilin oktyabrında başa çatdırılmışdır. Yenidənqurma işləri zamanı burada geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmışdır. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı, üçmərtəbəli inzibati bina da tikilmişdir. Sərhəd gömrük məntəqəsindən gün ərzində yüzlərlə avtomobil və minlərlə insan keçir. Cənubi Qafqaz regionunda bu cür müasir sərhəd gömrük məntəqələri yalnız Azərbaycandadır.

Dövlətimizin başçısı gömrük məntəqəsinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoguşəyə baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, gələcəkdə ərazidə yeni yük terminalının tikintisinə başlanacaqdır. Regionda ən böyüklərindən olacaq terminalda məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün otel, habelə ofis də tikiləcəkdir.
Gömrük məntəqəsinin inzibati binası ilə tanışlıq zamanı məlumat verildi ki, burada əməkdaşların nəzəri biliklərinin artırılması üçün sinif otaqları da vardır. Əməliyyat otağı ən zəruri və müasir texniki avadanlıqla təchiz olunmuşdur.

Gömrük məntəqəsinin ərazisində quraşdırılmış xüsusi rentgen aparatından dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Həmin aparat vasitəsilə nəqliyyat vasitələrindəki bütün yükləri aydın görmək mümkündür. Bu isə qaçaqmalçılıq yolu ilə daşınan malların aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.

Hazırda məntəqədə 4 gömrük nəzarəti xətti vardır. Onların ikisi ixrac, ikisi isə idxal gömrük nəzarətini həyata keçirir. Məntəqədə vahid pəncərə sistemi yaradılmışdır, burada yük, maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları çalışırlar. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti də burada yerləşir.

Prezident İlham Əliyevə Sınıqkörpü tarixi-memarlıq abidəsi haqqında da məlumat verildi. Bildirildi ki, XII əsrin yadigarı olan bu abidə uzun illər ərzində ölkəmizi Gürcüstanla əlaqələndirən keçid məntəqəsi rolunu oynamışdır. İndi dövlət əhəmiyyətli abidə kimi qorunan körpüdə gələcəkdə bərpa işlərinin aparılması nəzərdə tutulur.

Sərhəd gömrük məntəqəsi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti