...

Azərbaycanda keyfiyyətsiz qənnadı məhsulları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 10:11 (UTC +04:00)
Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, müvafiq reseptura olmadan istehsal edilmiş 1,5 ton peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir N.İsmayılov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Günəşli qəsəbəsi, V yaşayış massivi, 40/41-ci məhəllədə Elçin İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı peçenye məhsullarının müvafiq reseptura olmadan istehsal edildiyi, məhsulların etiketlərində istehsalçının ünvanının göstərilmədiyi, peçenyelərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, habelə peçenye məhsullarının istehsalında xammal kimi mənşəyi məlum olmayan duzdan istifadə olunduğu müəyyən edilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, müvafiq reseptura olmadan istehsal edilmiş 1,5 ton peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar, peçenye məhsullarının istehsalının dayandırılması və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Elçin İsmayılova icrası məcburi göstəriş verilib.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi, ev 48 ünvanında Yəhya Qafarova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kətə, qoğal və bulkanın uyğunluq sertifikatları və müvafiq resepturalar olmadan istehsal edildiyi, məhsulların etiketlərinin üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi barədə məlumatların göstərilmədiyi, habelə istehsal olunan unlu məmulatların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar olunub.

Qanun pozuntuları ilə əlaqədar, kətə, qoğal və bulka istehsalının dayandırılması, habelə müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Yəhya Qafarova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti