...

Azərbaycanda əməkhaqqı və pensiyaların təxminən 20 faiz artacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir N.İsmayılova/

2011-ci il dövlət büdcəsinə dəyişikliklər nəticəsində əməkhaqqı və pensiyaların təxminən 20 faiz artacağı gözlənilir. Trend-in məlumatrına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə maliyyə nazirinin müavini Azər Bayramov deyib.

"Ölkənin dövlət büdcəsinə dəyişikliklər ilk növbədə əhalinin sosial müdafiəsinin təmini üzrə tədbirlərlə bağlıdır. Onların arasında əməkhaqqı və pensiyaların, su təchizatı, Bakının və ətraf qəsəbələrin abadlaşdırılması sahələrində layihələrin həyata keçirilməsinə sosial yönümlü investisiyaların artırılması da var", - nazir müavini bildirib.

2011-ci il dövlət büdcəsi proqnozlarına dəyişikliklər çərçivəsində neftin bir barelinin hazırkı qiymətinin 60 dollardan 80 dollaradək artırılacağı ehtimal olunur.

2011-ci il üzrə ölkənin dövlət büdcəsinin gəlirləri 12 061 milyon manat (mərkəzləşdirilmiş gəlirlər - 11 613 958,2 min manat, yerli - 447 041,8 min manat), xərcləri 12 748 milyon manat (mərkəzləşdirilmiş xərclər - 11 439 980,0 min manat, yerli xərclər - 1 308 020,0 min manat) məbləğində təsdiq olunub. 2011-ci il dövlət büdcəsinin xərcləri strukturunda 33,3 faiz və ya 4,234 milyard manat sosial müdafiə xərcləri olacaq. 2010-cu illə müqayisədə onların həcmi 8,8 faiz artıb. Kapital xərclərə ötən illə müqayisədə 7,1 faiz (357 milyon manat) artımla 42 faiz (5,358 milyard manat) qoyulub.

Xəbər lenti

Xəbər lenti