Azərbaycan, Bakı, 12 may /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələbat təklifi təxminən 3,6 dəfə üstələyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in yaydığı məlumatda deyilir.
Cümə axşamı Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Hərracda 2 investor iştirak edib. Sifarişlərin ümumi məbləği nominal üzrə 10 891 milyon manat təşkil edib. İstiqrazların ümumi həcmi tam yerləşdirilib. Sifarişlər cari 100,5917 faiz qiyməti ilə təqdim edilib.
İstiqraz vərəqələrinin ödənmə tarixi 11 dekabr 2017-ci ildir. İstiqrazların yerləşdirilməsinin ilkin anderrayteri qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.
AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2010-cu il noyabrın 19-da qeydə alınıb.
Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manatlıq həcmdə qeydə alınan faizli, sənədsiz, təmin edilmiş istiqrazların emissiyasından keçirilir. İstiqrazlar üzrə gəlir 3 faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-dən başlayıb və bu günədək 28 milyon manat məbləğində istiqraz satılıb.
İndiyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş və 75 milyon manat məbləğində təmin edilməmiş iki emissiya yerləşdirib.
Mayın 12-nə olan rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.