Azərbaycan, Bakı, 2 iyun /Trend/
Azərbaycanın "Unileasing" şirkəti may ayının 31-də 5 milyon məbləğində faizli, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
"Unicapital" şirkətinin anderraytinqliyi ilə may ayının 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qeydiyyatdan keçmiş və 5 min istiqraz həcmində olan bütün buraxılış yerləşdirilib. İstiqrazların dövriyyə müddəti 540 gün, hər birinin nominalı - 1 000 manat, faiz dərəcəsi isə illik 10% təşkil edir. Yerləşdirmədən əldə olunan vəsait korporativ və pərakəndə seqmentlərdə, konkret olaraq xırda və orta biznes seqmentində, lizinq portfelinin sonrakı artımına yönələcək.
"Unileasing" şirkəti Azərbaycanda lizinq xidmətləri bazarının lideridir, məhz bu səbəbdən də təsadüfi deyil ki, onun biznes-modeli investorlar tərəfindən dəstəklənib", - "Unicapital"ın baş meneceri Heydər İbrahimli belə hesab edir. Onun sözlərinə görə, emissiyanın yüksək likvidliyinin və müvəffəqiyyətlə başa çatmasının xeyrinə təkcə lizinq şirkətinin istiqrazlarına olan tələbat yox, həm də istiqrazların Bakı Fond Birjasının bir ticarət sessiyası çərçivəsində satılması dəlalət edir.
"Unileasing" ASC-nin istiqrazlarının ilk emissiyası QKDK tərəfindən 2007-ci ilin aprel ayında qeydiyyata alınıb. O zaman emissiyanın həcmi 700 min manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 14%, dövriyyə müddəti isə 365 gün təşkil etmişdi. "Unileasing"in maliyyələşdirilməsində başlıca rolu şirkətin təsisçiləri, konkret olaraq Azərbaycanın ən iri özəl banklarından biri olan "Unibank" və Avropanın nəhəng bank təsisatı - Avropa Yenidənqurma və İnkişaf Bankı oynayırlar.
İyunun 2-nə olan rəsmi məzənnə 0,7893 AZN/USD təşkil edir.