Azərbaycan, Bakı, 21 iyul /Trend/
Belarus Azərbaycana ixracın şaxələndirilməsini davam etdirir. Bu barədə dünən jurnalistlərə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç Belarus Sənaye-Ticarət Palatasının xaricdəki idarə və müəssisələrinin rəhbərləri ilə görüşü zamanı bildirib. Trend-in məlumatına görə, məlumatı BELTA yayıb.
"Biz Azərbaycanda Belarus traktorlarının, avtomobillərinin, avtokranlarının, soyuducularının, optik liftlərin birgə istehsalını yaratmağa nail ola bilmişik", - səfir deyib.
İki ölkənin əməkdaşlığında son hadisə işıq diodlu texnologiyalar əsasında işıqlandırma cihazlarının birgə istehsalının yaradılması barədə sazişin imzalanmasıdır.
"Diqqətəlayiq haldır ki, bu layihə ölkələrimizin elmi əməkdaşlığının nəticəsidir. Bu istehsalın əsası üçün Belarus Milli Elmlər Akademiyasının işləri götürülüb. Eyni zamanda ilk məhsul partiyasının tədarükü üzrə də müqavilə imzalanıb. Bu da layihənin yaxşı hazırlandığını sübut edir", - Patskeviç bildirib.
O habelə Azərbaycanda Belarusun "Marko" MMC kənd təsərrüfatı müəsisəsi, "Babuşkina krınka" ASC kimi müəsisələrinin layihələrinin də inkişafına əminliyini ifadə edib.
Azərbaycan neftinin Belarusa satışının artacağı ilə bağlı jurnalistlərin sualını cavablandıran Patskeçiv qeyd edib ki, "neft tədarükünün artırılması ilə bağlı razılaşma olmayıb. Tərəflər qeyd ediblər ki, "dövlət başçılarının əvvəllər əldə etdikləri razılaşmalar, imzalanmış cədvəl və müqavilələr yerinə yetiriləcək". O həmçinin bildirib ki, "indiki mərhələdə bizim razılaşdığımız həcm aktualdır və bilirsiniz ki, bu gün üçün Belarus üçün bu məsələdə problem yoxdur".
Diplomatın sözlərinə görə, Azərbaycan neft hasilatı və ixracının artırılması üzərində işləyir. Gələcəkdə Azərbaycanda həm tədarük, həm də öz neftindən istifadə zamanı şaxələndirmə yolları üzrə irəliləyiş baş verəcək. Lakin bu gün Azərbaycan neftin başqa ölkələrin müəssisələrində emalından daha çox onun satışına böyük diqqət ayırır.