Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əmtəə dövriyyəsi bir il ərzində 1,5 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Aleksandr Jilkin cümə axşamı Bakıda vilayətin və Azərbaycanın iqtisadi imkanlarının təqdimatında deyib.
"Ötən ilin nəticələrinə görə, Azərbaycanla Həştərxan vilayəti arasında əmtəə dövriyyəsi 12 milyon dollar olub, bu ilin sonunadək isə 30 milyon dollar səviyyəsinə çatacaq", - o deyib. Bu isə o deməkdir ki, tərəflər arasında xarici ticarət həcminin 2,5 dəfə artacağı gözlənilir.
Onun sözlərinə görə, Həştərxan Azərbaycandan dəzgahlar, avadanlıqlar, meyvə-tərəvəz məhsulları idxal edir, Azərbaycana isə dəzgahlar və duz ixrac edir.
"Eyni zamanda, Azərbaycanın lokomotiv parkının tamamilə modernləşdirilmiş Həştərxan zavodunda təmiri imkanları da müzakirə olunur", - Jilkin bildirib.
Rusiya Federal Gömrük Xidmətinin göstəricilərinə görə, 2010-cu ildə Rusiyanın Azərbaycan ilə mal dövriyyəsi 1947,9 milyon dollar olub.