...

Azərbaycanda investisiya fondlarının yaradılmasına yüksək maraq var (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 13:17 (UTC +04:00)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər saat 12:07-də yayılıb)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda investisiya fondlarının yaradılmasına yüksək maraq var. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İdarə Heyəti sədrini müavini İlqar Muradov deyib.

"Bir sıra dünya şöhrətli beynəlxalq təşkilatlar artıq Komitəyə ölkədə investisiya fondlarının yaradılması məqsədilə müraciət ediblər", - Muradov bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə bu sahədə normativ-hüquqi bazanın yaradılması başa çatır və yaxın vaxtlarda müraciətlər əsasında investisiya fondlarının yaradılması prosesinə başlanılacaq.

Azərbaycan Parlamenti QKDK tərəfindən hazırlanan "İnvestisiya fondları haqqında" qanunu 2010-cu il oktyabrın 22-də qəbul edib. Bundan əvvəl fəaliyyət 1999-cu ildə qəbul edilən "İnvestisiya fondları haqqında" qanunla tənzimlənirdi.

Yeni qanunun hazırlanması 1999-cu ildə qəbul edilən "İnvestisiya fondları haqqında" qanunun müasir tələblərə cavab verməməsi ilə əlaqədar olub.

Belə qanunun qəbul edilməsi bazarda təklifləri genişləndirməyə imkan verir. Belə ki, investisiya fondları yeni alətlərin yaranmasını stimullaşdıracaq, əməliyyatların həcmi genişlənəcək və iştirakçılar üçün daha əlverişli şərait yaradılacaq.

Qanunun yeni redaksiyası investisiya fondlarının fəaliyyətində bir sıra yenilikləri nəzərdə tutur.

Qanunun yeni redaksiyası investisiya fondlarının lisenziyalaşdırma prosedurunu dəqiq müəyyənləşdirir. Qanun layihəsinə əsasən, lisenziyalaşdırma iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə investisiya fondu yaratmaq istəyən şəxslər QKDK-ya fondun yaradılmasının məqsədəuyğunluğuna dair icazənin alınması üçün müraciət etməli olacaqlar. Bu müraciətin baxılma müddəti 60 gün təşkil edəcək.

İkinci mərhələdə artıq dövlət qeydiyyatından keçdikdən sonra yaradılan fond hüquqi şəxs kimi Dövlət Komitəsinə bilavasitə lisenziya üçün müraciət etməlidir. Lisenziya almaq üçün müraciətin baxılma müddəti 30 gün təşkil edir.

Azərbaycanda 1999-cu ildən investisiya fondları yardılmır. Bu da bu sahədə qanunvericiliyin mükəmməl olmaması ilə əlaqədar idi.

Xəbər lenti

Xəbər lenti