Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan bankı "Kapital Bank" ASC müştərilərinin və əməkdaşlarının maraqlarını müdafiə etmək məqsədilə onlara ABŞ-ın iqtisadi sanksiyalar tətbiq etdiyi Belarus şirkətləri ilə əlaqələr qurarkən ehtiyatlı olmaq barədə xəbərdarlıq edib. Bununla əlaqədar olaraq, bankın filiallarında bildirişlər asılıb.
ABŞ-ın sanksiyaları avqustun 11-də avtomobil şinləri istehsalçısı "Belşina", gübrə istehsalçısı "Qrodno azot", lif istehsalçısı "Qrodno ximvolokno" və iri neft emalı şirkəti "Naftan"a qarşı tətbiq edilib.
Trend-in ölkənin bank bazarında fəaliyyət göstərən bir sıra banklarda, o cümlədən Azərbaycan Beynəlxalq Bankında apardığı sorğudan məlum olub ki, müştərilərinə bu cür xəbərdarlığı təkcə "Kapital Bank" edib.
Bankların nümayəndələri deyirlər ki, adətən bu cür xəbərdarlıqlar Azərbaycan Mərkəzi Bankından mərkəzləşmiş qaydada daxil olur. Hələlik bankdan belə bir müraciət daxil olmayıb. Bununla yanaşı, banklar xarici tərəfdaşları tərəfindən xəbərdarlıq ala bilərlər.
Məsələn, Azərbaycanın qabaqcıl banklarından biri Suriyanın kommersiya bankı ilə işləyərkən Azərbaycan banklarının ehtiyatlı olması üçün Avropa banklarının birindən məktub alıb. ABŞ cari ilin avqustunda Suriya Dövlət Kommersiya Bankının nəzarətində olan Suriyanın ən iri bankına qarşı sanksıyalar tətbiq etdiyini bəyan edib. Vaşinqton bu bankı KXDR-ə maliyyə yardımı ayırmaqda ittiham edib.
"Kapital Bank"dan Trend-ə mövcud vəziyyəti belə açıqlayıblar: "Hər bir bankın məqsədi müştərilərini mümkün risklərdən qorumaqdır. Bu baxımdan bankın cari fəaliyyətində dövlət strukturlarının xarici ölkələrin hər hansı bir şirkətə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və belə məsələlərdəki rəsmi məlumatları nəzərə alınır. Bankın müştərilərinə çatdırılan xəbərdarlıqlar da banka daxil olan rəsmi məlumata söykənir. Bu da müştərilərin marağının qorunmasına xidmət edir".
Yeni sanksiyalar yanvarın 31-də elan edilən dondurulmuş aktivlərin çıxarılmasına məhdudiyyət və digər sanksiyalara əlavə olaraq tətbiq edilib.
Sanksiyalar ABŞ-ın hüquqi və fiziki şəxslərinə qeyd edilən şirkətlərlə maliyyə münasibətlərini qadağan edir. "Naftan" "Belneftexim" konserninin nəzarəti altındadır. Həmin konsernə qarşı da ABŞ-ın analoji sanksiyaları çoxdan tətbiq edilib. "Belneftexim"dən savayı, ABŞ-in iqtisadi sanksiyalarına "Lakokraska" ASC, "Polotsk steklovolokno" ASC, "Beltexeksport" və "Belomo" şirkətləri də məruz qalıb.
"Naftan", "Qrodno azot" və "Belşina" Belarusun ən iri beş səhmdar cəmiyyətinə daxildir. Xüsusilə, "Naftan" və bütün "Belneftexim"ə qarşı tətbiq edilən tədbirlər daha təhlükəlidir: neft məhsularının ixracı ölkədə valyutanın ən iri mənbəyidir.
Belarusun Maliyyə Nazirliyinin hesablamalarına görə, həmin mənbəyə valyuta daxilolmalarının təxminən 40 faizi düşür.
Bütün dörd müəssisə - "Belşina", "Qrodno azot", "Qrodno ximvolokno" və "Naftan" məhsullarını əsasən Rusiya və Avropaya ixrac edir. ABŞ ilə ticarətin həcmi isə azdır.