...

Azərbaycan Banklar Assosiasiyası AMAY rəhbərinin Baş prokurora müraciətinə münasibət bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 18:58 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyası (ABA) AMAY şirkətlər qrupunun rəhbəri Abdulla Abdullayevin Baş prokurora müraciətinə münasibət bildirib.
Azərbaycan Banklar Assosiasiyası AMAY rəhbərinin Baş prokurora müraciətinə münasibət bildirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Banklar Assosiasiyası (ABA) AMAY şirkətlər qrupunun rəhbəri Abdulla Abdullayevin Baş prokurora müraciətinə münasibət bildirib.

"Son illər Azərbaycanda aparılan sistemli iqtisadi islahatlar sayəsində bütün sahələrdə, o cümlədən bank sektorunda böyük nailiyyətlər qazanılıb. İstər bütövlükdə iqtisadiyyatın, istərsə də bank sektorunun ümumi inkişafını səciyyələndirən göstəricilərin dəfələrlə yüksəlməsi ilə yanaşı, bu, özünü həm də onda göstərir ki, bütün müəssisələrin qanun qarşısında bərabərliyi, digər təsərrüfat subyektləri qarşısında öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmələri daha böyük ictimai əhəmiyyət kəsb edib. Belə bir şəraitdə bəzi sahibkarların öz iqtisadi öhdəliklərini yerinə yetirməmələri qarşılığında qanuni məsuliyyətdən qurtulmaq cəhdləri təəssüf hissi doğurur", - Trend-in məlumatına görə, ABA-nın müraciətində deyilir.

Mətbuatdan məlum olduğu kimi, "AMAY" şirkətlər qrupunun rəhbəri Abdulla Abdullayev Azərbaycan Baş prokuroru Zakir Qaralova müraciət edərək, AMAY-ın "Texnikabank"dan aldığı kreditləri qaytarmadığına görə bunun üçün cavabdeh olan əməkdaşların məsuliyyətə cəlb olunmasını əsassız hesab etdiyini bildirib və əksinə, özü banka və hüquq-mühafizə orqanlarına qarşı anlaşılmaz iddialar irəli sürüb.

ABA bildirməyi özünə borc sayır ki, istər "Texnikabank", istərsə də hər hansı digər bank qarşısında öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran hüquqi və fiziki şəxslərin qanun qarşısında məsuliyyət daşıması ölkəmizin gələcək iqtisadi inkişafı üçün, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin uğurla davam etdirilməsi üçün mühüm şərtlərdən biridir.

"Azərbaycan banklarının qanuni hüquqlarının qorunması Azərbaycan Banklar Assosiasiyasının nizamnamə vəzifəsidir və Assosiasiya bu vəzifəsini bütün hallarda, o cümlədən "Texnikabank"la onun müştəriləri arasında yaranmış ixtilafların həllində ardıcıl olaraq yerinə yetirmək əzmindədir", - müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti