Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir E.İsmayılov/
Dekabrda Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov cümə axşamı Bakıda Azərbaycan-İsveçrə biznes forumunun açılışında deyib.
Səfərov iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafında hökumətlərarası komissiyanın böyük rolunu qeyd edib.
"Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, əlaqələrin möhkəmləndirilməsi və ticari-iqtisadi münasibətlərin genişləndirilməsi üçün böyük potensial mövcuddur", - Səfərov deyib.
Onun sözlərinə görə, biznes forumda hər iki tərəfdən 100-dən artıq şirkət iştirak edir.
Nazir müavini həmçinin iki ölkə şirkətləri arasında Bakıda keçirilən biznes forum çərçivəsində razılaşmalara nail olunacağına və əməkdaşlığın yoluna qoyulacağına əminliyini ifadə edib.
Səfərov deyib ki, Azərbaycan dünyanın 147-dən çox ölkəsi ilə ticari-iqtisadi münasibətlərin genişlənməsində maraqlıdır.
Biznes forumun açılışında İsveçrə Konfederasiyasının Dövlət müşaviri, İsveçrənin və Cenevrə kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Unqerin sözlərinə görə, Azərbaycan böyük sürətlə inkişaf edir və ölkələr arasında yaxşı tərəfdaşlıq münasibətlərinin yoluna qoyulması üçün bütün imkanlar mövcuddur.
O deyib ki, İsveçrə, həmçinin Azərbaycanla sənaye, təhsil və səhiyyə sahəsində təcrübəsini bölüşməyə hazırdır. Bununla yanaşı, Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsası artıq qoyulub. Eyni zamanda, Unqer Cenevrədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ticarət nümayəndəliyinin fəaliyyətini, eləcə də Bakının Qaradağ rayonunda sement istehsalı üzrə birgə işi qeyd edib.