...

Azərbaycan Sənaye Bankı daha bir layihəni həyata keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2011 13:27 (UTC +04:00)
Azərbaycan Sənaye Bankının dəstəyi ilə Bakı, Gəncə və Sumqayıtda "Regionlarda qadın sahibkarlığının inkişafı" layihəsinin icrasına başlayıb.
Azərbaycan Sənaye Bankı daha bir layihəni həyata keçirdi (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Sənaye Bankının dəstəyi ilə Bakı, Gəncə və Sumqayıtda "Regionlarda qadın sahibkarlığının inkişafı" layihəsinin icrasına başlayıb. Layihə "Sidus Qrup" təlim və məsləhət şirkəti ilə birlikdə həyata keçirilir. Əsas məqsəd qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsindən ibarətdir.

Bankdan şənbə günü Trend-ə verilən məlumata görə, layihənin əsas hədəf qrupları regionlarda məskunlaşmış, bizneslə məşğul olan sahibkar qadınlar və ya biznes fəaliyyətinə başlamaq arzusunda olanlar, tələbələr, müəllimlər, valideynlər, icma liderləridir. Texniki dəstək və biznesin inkişafı xidmətləri, qadınlar üçün biznesə başlamaq məqsədilə mikrokreditlərin əldə edilməsi üzrə seminarların təşkili və ictimai məlumatın təqdim olunması məqsədilə qadın liderlərin qeydiyyat bazasının yaradılması kimi fəaliyyətlərin nəzərdə tutulduğu layihə, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığına bariz nümunədir.

"Öz biznesinə necə başlamalı" və "Yeni başlayanlar üçün biznesin idarə olunması sertifikatlaşdırılmış proqramı" seminarlarından bizneslərini inkişaf etmək istəyən qadınlar bəhrələnəcəklər. Layihənin məqsədi və əldə ediləcək nailiyyətlər ictimaiyyətə çatdırılacaq.

Qadınların KİV-lərə çıxışı onların müsahibələri ilə müşayiət olunacaq. Layihə, onun icraçıları və donorlar haqqında məlumat, eləcə də fəaliyyətlər və nəticələr barədə yeniləşən materiallar yerləşdiriləcək, internet səhifəsi isə dinamikliyi ilə seçiləcək.

Layihənin qarşıya qoyduğu məqsədlərdən biri də "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək olmaqdan ibarətdir. Qadın sahibkarlığının inkişafı, gənclərin və ümumilikdə əhalinin məşğulluğunun yerli səviyyədə təmin edilməsi də bu proqramın tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti